• Azərbaycanda Novruz bayramı qeyd olunur

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Əksər müsəlman xalqları yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

Bayramdan əvvəl evlər, həyətlər təmizlənib qaydaya salınır, tarlalarda əkin işləri görülür.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz bayramının tarixi çox qədimdir. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl bu ünsürlərlə bağlı 4 çərşənbə qeyd olunur.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Bütün evlərdə səməni göyərdilir, məhəllələrdə tonqallar qalanır, şənlik tədbirləri keçirilir.

Ölkəmizdə Novruz bayramı süfrəsinə xüsusi diqqət yetirilir. Bayram süfrəsində yeddi adda təamların olması vacibdir. Novruzda bayram təamları ilə paylaşmaq ənənəsi bu günümüzə qədər gəlib çatmışdır.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.

Xalqımızı əziz Novruz bayramı münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, ruzi-bərəkət, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq!

 

 


Mənbə Karabakh.Today