• Azərbaycanda Novruz bayramı qeyd olunur

Azərbaycana bahar gəlmişdir. Şamaxı astrofizika rəsədxanasının məlumatına görə, bu il bahar fəsli ölkəmizə bu gün, martın 20-də Bakı vaxtı ilə saat 13:37-də daxil olmuşdur. Qeyd edək ki, bu gün həmçinin Novruz bayramı qeyd edilir.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bizimlə birlikdə bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

Novruz yazın gəlişinin simvolu olan xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz bayramının mənşəyi qədimdir. Bu, dünya azərbaycanlılarının və bütün müsəlmanlarının ən əziz bayramıdır. Bu il Novruz bayramı baharın gəlişi ilə eyni vaxta təsadüf etmişdir.

Məlum olduğu kimi, bu bayramın mətbəx simvolları qovurğa, şəkərbura, paxlava, qoğal, boyaqlı yumurta, həmçinin aş, kabablar, balıq və sairədir. Bahar bayramının mütləq atributlarından biri də səmənidir.

Ölkəmizdə Novruz bayramı adətlərinə tonqal qalanması və od üzərindən tullanmaq, müxtəlif milli rəqs və mahnıların, oyunların keçirilməsi də daxildir. Qohum, qonşu, tanışlar arasında paylaşma, qonaq getmə, papaq atma və sair adətlər də vardır.

1967-ci ildən başlayaraq Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanovun inadlı çalışmaları nəticəsində Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində, yüksək və geniş şəkildə qeyd olunmağa başlamışdir.

Bu ilki Novruz xüsusi əhəmiyyətə malikdir, belə ki, 30 ildən sonra ilk dəfə olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mübariz Azərbaycan ordusunun düşmən üzərində möhtəşəm qələbəsi sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu şəraitdə keçirilir.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

 


Mənbə Karabakh.Today