• İran qorxulu qərarı verdi - yenidən uranı zənginləşdirəcək

Regionda vəziyyət 10 il əvvəlki formata dönür; Azərbaycan üçün də riskli dövr başlayır

İran nüvə fəaliyyətini bərpa edir. Bu barədə ölkənin ali dini lideri bəyanat verib. İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırıb.

ABŞ-ın 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çəkilməsini tənqid edən dini lider bildirib ki, İranın həm sanksiyalara məruz qalması, həm də nüvə fəaliyyətini dondurması anlamsızdır. Bu səbəbdən də o, hökumətə müraciət edərək nüvə fəaliyyətlərini yenidən başlatmağı tapşırıb. Sitat: “Bəzi Avropa ölkələri İranın həm iqtisadi sanksiyaları qəbul etməsini, həm də nüvə fəaliyyətindən vaz keçməsini istəyir. Bu dövlətlərə deyirəm ki, arzunuz çin olmayacaq. İran xalqı və dövləti, həm embarqoya məruz qalıb, həm də nüvə fəaliyyətlərini dayandırmayacaq”.

Ayətullah Əli Xameneyi ölkənin Nüvə Enerjisi Qurumuna mövcud nüvə anlaşması çərçivəsində 190 min sentrafuqa çatmaq üçün dərhal hazırlıqlara başlamağı tapşırıb.

Bu, artıq anlaşmanın rəsmən sona çatması deməkdir. İranın dini lideri bir aydan sonra Trampın “atdığı qola qolla cavab verdi”. İndi artıq İran ətrafında vəziyyət 10 il əvvəlki formatına geri dönmüş sayıla bilər.

Ayətullah Əli Xameneyi ile ilgili görsel sonucu

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxdığını elan edib. Bundan sonra Vaşinqton bəyan edib ki, İranla yeni şərtlərlə müqavilə bağlamağa hazırdır. ABŞ dövlət katibi Mayk Pompeonun elan etdiyi 12 təklifə İranın nüvə fəaliyyətinin tamamilə ləğv olunması, silahlı islamçı müqavimət qruplarına dəstəyin dayandırılması və sair kimi tələblər daxildir. Ancaq gözlənildiyi kimi, İran bu tələbləri rədd edib.

Rəsmi Tehran sazişə sadiq qalacağını bəyan etmiş Avropa ölkələri ilə birlikdə sazişin davam etdiriləcəyinə ümid edir. Çünki Avropa ölkələri - Fransa, Almaniya və Böyük Britaniya bəyan ediblər ki, ABŞ sazişi tərk etsə də, onlar anlaşmaya sadiqdirlər. Lakin artıq bir sıra Avropa ölkələri İranı tərk etməyi düşünür.

Mayın sonlarında Ayətullah Xameneyi prezident Həsən Ruhani də daxil olmaqla, hökumət rəsmiləri və ordu komandirləri ilə görüşdə bəyan edib ki, əgər Avropa ölkələri bu şərtlərə əməl edərsə, anlaşma davam edə bilər.

Həsən Ruhani ile ilgili görsel sonucu

Şərtlər isə aşağıdakı kimidir: Avropa ölkələri Amerikanın BMT-nin 2231 saylı qətnaməsini pozmasını BMT-də səsverməyə çıxarmalı və pisləməlidir. Bundan başqa, AB İranın raket proqramını heç vaxt müzakirəyə çıxarmayacağına təminat verməlidir. Avropa ölkələri Amerikanın İrana tətbiq edəcəyi sanksiyalara, o cümlədən neft satışına qoyulacaq sanksiyalara qoşulmayacaq, eyni zamanda İranın ehtiyacı olduğu qədər neft satmasını təmin edəcəklər. Nəhayət, İranın dünya bankları ilə əməkdaşlığı bərpa olunacaq.

Ancaq görünür, cavab qaneedici olmadığı üçün İran nüvə fəaliyyətini yenidən bərpa etmək qərarı alıb. Ehtimal ki, yaxın günlərdə həm ABŞ, həm də Avropa Birliyi və müqavilənin digər tərəfləri məsələ ilə bağlı mövqelərini açıqlayacaq. Aydın məsələdir ki, AB hər nə qədər müqavilənin qalmasını istəsə də, ABŞ-ın təzyiqlərinə daha çox davam gətirə bilmirdi. Artıq bir sıra Avropa şirkətlərinin İranı tərk etməsi və ya tərk etməyə hazırlaşması xəbərləri vardı. Ancaq İranın bu qərarı qəbul etməsinin arxasında daha ciddi və taleyüklü səbəblər vardı.

Məsələ ondadır ki, İrana qarşı əsas sanksiya və embarqoları ABŞ tətbiq edir. Mayın 8-də Trampın məlum qərarından sonra artıq Vaşinqton İrana qarşı 3 müxtəlif sanksiya qərarları qəbul edib. Bundan başqa, Vaşinqton bəyan edib ki, 3 ay ərzində İrana qarşı dondurulmuş sanksiya qərarlarının hamısı yenidən aktivləşdiriləcək, bundan başqa 6 ay ərzində, yəni noyabra qədər isə yeni  və Pompeonun deyimi ilə “tarixdə misli görünməmiş” sanksiyalar qəbul olunacaq. Təbii ki, bu qərarlar Tehrana ağır təzyiqlərə səbəb olacaq. Artıq ölkədə böyük miqyasda inflyasiya var və İran valyutası sürətlə dəyərini itirir. Yəni hətta Avropa sadiq qalsa belə ABŞ sanksiyaları İrana qarşı ağır zərbə vuracaq. Bu səbəbdən də Tehran “iki pisin içərisində nisbətən yaxşını seçməyə” qərar verib. Nüvə fəaliyyətini yenidən bərpa etmək və paralel olaraq daxildə güclənmək siyasəti. Bu proses növbəti bir neçə il vaxt tələb edir və Tehranın yenidən danışıqlar masasına qayıtması ilə nəticələnə bilər.

Uranın zənginləşdirilməsi ile ilgili görsel sonucu

Bu isə o deməkdir ki, qarşıda çox ağır və gərgin illər var. Söhbət həm də təkcə İran deyil, həm də yerləşdiyi region gərginlikdə olacaq. Daha əvvəl bu “təcrübəni” yaşamış bölgə növbəti ağır sınağı yaşamalı olacaq. Qonşu, eləcə də bir sıra nəqliyyat və digər sahələrdə birgə layihələri olan Azərbaycan üçün bu dövr sıxıntılı dövr olacaq. Doğrudur, qonşu ölkə olaraq sanksiyalara qoşulmaqla bağlı sərt məcburiyyət olmayacaq. Amma istənilən halda böyük layihələr ciddi risk altına düşəcək. Üstəlik, Azərbaycanın böyük ümidlər bəslədiyi İranla nəqliyyat dəhlizi və daşıma biznesi də risk altına düşdü. Siyasi baxımdan ABŞ və İsrailin İrana təzyiqləri artacaq, ölkə daxilində təxribatlar təşkil olunacaq. Bu isə Azərbaycan üçün həssas bir dönəm deməkdir. Ancaq hakimiyyət üçün müəyyən bir üstünlük də vəd edəcək. Vaşinqton administrasiyası Azərbaycan hakimiyyəti ilə münasibətləri isti saxlamağa çalışacaq. Azərbaycanın enerji layihələrinin dəstəklənməsi, hərbi-siyasi əlaqələrin dərinləşməsi mümkündür.(musavat)

Karabakh Today