İlham Əliyev Elizabet Trassı təbrik etdi
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Elizabet Trassa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli xanım Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsi xüsusi məmnunluq doğurur.
Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Ölkənizi təmsil edən şirkətlər, ö cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Karabakh Today