Hindistan-Pakistan müharibəsi baş verərəsə hansı QALİB GƏLƏR? - VİDEO
Bu həftə Pakistan və Hinsidtan növbəti dəfə müharibənin bir addımlığına gəldi. Fevralın 27-də Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqladı. Hindistan isə Pakistanın bir qırıcısını vurdu.
Qarşıdurmanın əsas səbəbi isə müsəlman çoxluğun yaşadığı Kəşmir bölgəsidir. Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.
Ekspertlər iki dövlət arasında növbəti müharibə ehtimalını yüksək qiymətləndirirlər. Və bu qiymətləndirmənin kifayət qədər əsasları və tarixi kökləri var. Pakistan və Hindistan arasında Kəşmir üstündə artıq 1947-1949, 1965, 1972 və 1999-cu illərdə müharibə baş verib. Növbəti müharibənin baş vermə ehtimalı da bu baxımdan, ciddi qəbul edilməlidir. Ancaq növbəti bir müharibənin daha qanlı və amansız olacağı şübhəsizdir, çünki ötən illər ərzində ordularının arsenalına daha müasir və dağıdıcı silahlar daxil edilib. Əlavə edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.
İki dövlət arasında müharibə ehtimalının yüksək olduğu nəzərə alsaq, onların potensialını qiymətləndirmək yerinə düşər.
Bununla bağlı hazırlanan bir videoda iki ölkənin əhali sayı, ordu gücü, hərbi texnikanın sayı və digər faktorlar qarşılaşdırılır.
Hindistan istər əhali sayınin sayı (Hindistanda 1,2 milyard, Pakistanda 202 milyon), istər əsgər sayı (Hindistanda 4,2 milyon əsgər var, bunun 1,4 milyonu aktiv, 2,8 milyonu ehtiyatdadır. Pakistanda isə 919 min əsgər var, bunun 637 mini aktiv, 282 mini isə ehtiyatdadır), istərsə də hərbi büdcəsi (müvafiq olaraq, 51 və 7 milyard dollar) baxımından Pakistanı üstələyir. Bu üstünlük həm də hərbi hava, hərbi dəniz və quru güclərində də özünü göstərir.
Bütün qoşun növləri hər iki dövlətdə nüvə silahları ilə təchiz edilib. Burada isə üstünlük Pakistandadır. Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun məlumatlarına görə, Pakistanda 140-150, Hindistanda isə 130-140 nüvə silahı vardır. Və İslamabad Hindistan qüvvələrinə qarşı taktiki nüvə silahlardan istifadə doktrinası qəbul edib.
Üstünlük, əksər göstəricilərdə Hindistanın tərəfində olsa da, mümkün müharibənin nəticəsinə təsir edə biləcək digər faktorlar da var. Bunlardan biri, mübahisəli bölgə olan Kəşmirin Hindistanın tərkibindəki müsəlman çoxluğa malik yeganə ştat olmasıdır. Bundan başqa, Hindistanda 172 milyon müsəlman yaşayır. Bu baxımdan, analitiklər mümkün Pakistan-Hindistan müharibəsi zamanı Hindistanda vətəndaş müharibəsinin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.
Bundan başqa, regionda ciddi maraqları olan Çin burada nüfuz uğrunda Hindistanla mübarizə aparır və Pakistanın müttəfiqi kimi çıxış edir. Çinin Pakistanla mütəmadi birgə hərbi təlimlər keçirməsi də Hindistana mesaj kimi qiymətləndirilir.
Karabakh Today