Ermənistanı nə gözləyir? - Paşinyan arzusuna çatdı
“Onun düşünməsi üçün bir neçə ay vaxtı var”; düşmən ölkədə hökumət dəyişikliyinə Bakıdan reaksiyalar...
Mayın 8-də Ermənistan Milli Məclisində ölkənin yeni baş nazirinin seçilməsinə həsr olunmuş xüsusi iclas keçirilib. Mayın 1-də yetərli sayda səs ala bilməyən müxalifət lideri Nikol Paşinyan bu dəfə 59 səs alaraq hökumət başçısı seçilib. Onun əleyhinə 42 deputat səs verib. Paşinyan 15 gün ərzində yeni kabineti təqdim edəcək. Parlamentin iclası Respublika meydanında qoyulan televizorla canlı nümayiş olunub və meydana toplaşmış on minlərlə insan prosesə şahidlik edib.
Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistan vətəndaşlarına təşəkkür edib: “Daxili münasibətlərdə avtomatlar birdəfəlik susmalıdır. Respublikada bizim tərəfdarlarımız və rəqiblərimiz üçün bir qanun hökm sürəcək. Heç bir iqtisadi monopoliya, heç bir seçicinin alınması olmayacaq. Siyasi və iqtisadi təqib dövrü sona çatıb”.
Ardınca o, Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınacağını iddia edib: “Mən”Qarabağ Respublikası"na dəstəyimi və sevgimi çatdırmaq istəyirəm. Əziz qarabağlılar, son 1,5 ay ərzində etiraz hərəkatları sizin üçün təhlükə deyil. Bu, Dağlıq Qarabağın haqlarının tanınmasına səbəb olacaq. Biz birlikdə vacib milli hədəflərə çatmaq məsələsinə əvvəllər heç bu qədər yaxın olmamışıq". O da bəlli olub ki, N.Paşinyan ilk olaraq Azərbaycanın işğal altındakı ərazilərinə, Qarabağa gəlməyə hazırlaşır.
Ermənistan parlamentindəki müzakirələrdə Paşinyan deputatların müxtəlif mövzularla bağlı suallarını cavablandırıb. Qarabağ məsələsinə dair suallara cavab verən Paşinyan deyib ki, danışıqları davam etdirməyə hazırdır, amma Dağlıq Qarabağ danışıqlar masasına qayıtmadan müzakirələr effektiv olmayacaq. Onun fikrincə, Qarabağ məsələsində Ermənistan əsasən orduya ciddi fikir verməlidir.
Ermənistan prezidenti Armen Sərkisyan Nikol Paşinyanla işləməyə hazır olduğunu bəyan edib: “O, hökumətə necə rəhbərlik edəcək, bunu zaman göstərəcək. Mən öz həyat təcrübəmə arxalanaraq ona müəyyən məsləhətlər verə bilərəm. Amma o, bunu istəsə və qəbul etsə... Mənim üçün prioritet qanun və konstitusiyadır. Kim bunu pozmaq istəsə qarşısında məni görəcək”. Armen Sərkisyan Nikol Paşinyanın iqtisadi-siyasi kursu barədə məlumatı olmadığını desə də, istənilən halda onun atacağı addımların Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu əlavə edib.
Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda formalaşdırılacaq yeni hökumətə kimlərin daxil olacağı artıq bəllidir. Axar.az bu barədə “İravunk” qəzetinə istinadən xəbər yayıb. Məlumata görə, Müdafiə Nazirliyinə hazırkı fövqəladə hallar naziri David Tonoyanın rəhbər gətiriləcəyi gözlənilir. Paşinyanın bu məsələdə ciddi dalanla üz-üzə qaldığı haqqında informasiyalar yayılır. Belə ki, Tonoyan Seyran Ohanyanın nazir olduğu dönəmdə nazir müavini olub və buna görə nə Müdafiə Nazirliyi, nə də ondan kənarda onu yaxşı sözlərlə xatırlayırlar. Bu dalandan əsas çıxış yolunun Paşinyanın tərəfdaşı olan Sasun Mikayelyanın bu vəzifəyə gətirilməsi olduğu iddia olunur. Paşinyan isə bunun həm özü, həm ölkəsi üçün başağrısı olacağını gözəl bilir. Baş nazirin müavini vəzifəsinə iş adamı Xaçatur Sukiasyanın gətirilməsi şayiələri yayılır. Lakin Paşinyan hələ də hazırda bu vəzifəni icra edən Karen Karapetyanın öz vəzifəsində qalacağına ümid edir. Paşinyanın hazırkı müdafiə naziri ilə yollarını ayıracağı da deyilir. Məlumata görə, artıq Ermənistanın müdafiə naziri Vigen Sərkisyan və müavinləri A.Davityanla A. Zakaryan istefa ərizəsi yazıblar.
“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”.
Bunu N.Paşinyan deyib (APA). O qeyd edib ki, “Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır”.
Maraqlı situasiya yaranır, həm Sərkisyan, həm də Paşinyan Qarabağ danışıqlarını aparmağa həvəsli görünür. Bir çox müşahidəçilər N.Paşinyanın rəhbərliyi dövründə Ermənistanın fəlakətlər girdabına yuvarlanacağını deməklə yanaşı, onun baş nazirliyinin Qarabağ danışıqlarına da müsbət dinamika gətirməyəcəyini proqnozlaşdırırlar. Paşinyan baş nazir olandan sonra Ermənistanı nə gözləyir? Onun Qarabağla bağlı mövqeyi necə olacaq?
Belə yanaşmalar var ki, Rusiya 5 rayon məsələsini həll etmək üçün hərəkətə keçəcək, savaşda iştirak etməyən birisini də Ermənistan rəhbərliyinə gətirməkdə əslində gizli plan qurub.
Ermənişünas alim Qafar Çaxmaqlı bildirdi ki, gözlədiyi kimi, Ermənistan Milli Məclisində Paşinyanın baş nazir seçilməsinə hakim Respublikaçılar Partiyası tərəfindən maneə yaradılmadı: “Bu məsələ gizli razılaşmalar nəticəsində baş tutub. Hakim partiya fraksiyasının rəhbəri Vahram Bağdasaryan bildirmişdi ki, Paşinyan seçiləndən sonra dərhal erkən seçkilər keçirilməlidir. Demək, artıq RP müxalifətə keçir və onlar bu seçkidə xalqın səsini alıb yenidən hakimiyyəti ələ almağa çalışacaqlar. Yeni seçkilər hər şeyi yerinə qoyacaq. Paşinyan kimlərlə işləyəcək? Məncə, keçmiş oliqarxlar hakimiyyətdən uzaqlaşdırılacaq. Onların böyük güc olduğunu nəzərə alsaq, Ermənistanda hələ uzun müddət siyasi xaos davam edəcək. Kənar qüvvələr, o cümlədən Rusiya artıq yeni ssenariləri işləmək məcburiyyətindədir”.
Qarabağla bağlı məsələlərə gəlincə, Q.Çaxmaqlının fikrincə, bu məsələdə yeni heç bir şey gözlənilmir: “Paşinyan olsa da, olmasa da ermənilərin bəlli bir siyasəti var. Bu siyasət də, dəfələrlə demişik ki, Qarabağın işğalını qanuniləşdirmək, de-yure Ermənistana bağlamaqdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazır olması ilə bağlı açıqlamasına diqqət çəkdi: “Bu, azdır, biz onu konstruktiv mövqeyə gətirməliyik. Onun iki yolu var: sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa, keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin ”mərhələli həll planı"nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə, əvvəlkitək İrəvanda erməni gənclərinin qəbirlərini qazmağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var".
O ki qaldı baş nazir Paşinyanın daxili siyasətdə atacağı addımlara, E.Şahinoğlu hesab edir ki, onun geniş manevr imkanları yoxdur: “Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır ki, o da kasıb Ermənistanda yoxdur, ağası Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa, elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.
Səsvermədən az sonra Rusiya prezidenti Vladimir Putin Paşinayanı ilk təbrik edən xarici ölkə başçısı olub. Rusiyanın operativ reaksiyası “inqilab” oyununun arxasında Kremlin dayandığı barədə ehtimalların əbəs olmadığını deməyə imkan verir. Lakin nəticə çıxartmağa tələsməyək, Serj Sərkisyan 3 günlük baş nazir seçiləndə də onu ilk təbrik edən Rusiya hakimiyyəti olmuşdu..
Karabakh Today