Gerrard Lebardyanın “Ermənilərin dövlətləşmək imtahanı, müstəqillikdən bu günə kimi erməni siyasi düşüncəsi” kitabını oxuyarkən - KİTAB TƏHLİLİ
Libaridyan bu kitabında Ermənistanın müstəqilliyindən etibarən meydana gələn daxili və xarici kursun siyasi inkişaf prosesləri və Ermənistan ilə erməni diasporununu əlaqələri haqqında danışır. Kitab altı fəsildən ibarətdir. Müəllif birinci fəsildə Ermənistanı müstəqilliyə aparan proses haqqında danışır və Ermənistanın keçdiyi yolu qansız, lakin tamamlanmamış bir inqilab kimi xarakterizə edir. Erməni Milli Hərəkatının iqtidarı kommunistlərdən alması, 1991-ci ildə Ermənistanın müstəqilliyinin elanı və müstəqil Ermənistanın siyasi idarəetmə kursunun formalaşması bu fəsildə öz əksini tapır.
İkinci fəsildə Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın istefası və buna zəmin hazırlayan məqamlar araşdırılır. Bu fəsildə yazar Levon Ter-Petrosyanın istefası ilə bağlı məşhur tezisləri alt-üst edərək bildirir ki, istefanın əsl səbəbi bəzilərinin iddia etdiyi kimi Dağlıq Qarabağ probleminin həllində Petrosyanın Minsk qrupunun təklifinə isti münasibəti yox, birlikdə işlədiyi ona qarşı olan etirazları olub. Bununla yanaşı, müəllif Ter Petrosyan ilə müxaliflər arasında Qarabağ problemi mövzusunda düşüncə fərqliliklərinə də diqqət yetirir. Ter-Petrosyan Qarabağ problemində zamanın Ermənistanın əleyhinə işlədiyini və embarqoya görə iqtisadi problemlər yaşandığı üçün, ermənilər baxımından bir təhlükə ərz etmədən müəyyən güzəştlərə getməyin mümkünlüyü barəsində düşünürdü. Zamanında onun müxalifi olan eksprezident Robert Köçəryan isə iddia edirdi ki, ölkədəki iqtisadi tənəzzülün əsas səbəbi Qarabağ problem yox, rəhbərliyin səriştəsizliyi, Ter Petrosyanın müxalifətlə isti münasibət qura bilməməsi və diaspor ilə yaşanan müəyyən problemlərdir.
Müəllif üçüncü hissədə Qarabağ probleminin daha çox Ermənistan siyasətində aktiv olan aktorların Ermənistanın xarici siyasətinin müəyyənləşdirilməsi baxımından söylənilən fikirləri əsasında təhlili edir.Levon Ter-Petrosyanı və Erməni Milli Hərəkatını praqmatiklər kimi təqdim edən Libardyan Petrosyana müxalif olan qüvvələri isə mühafizəkarlar kimi xarakterizə edir. Praqmatiklər Ermənistana və Erməni xalqına normal həyat tərzi təqdim etməyi düşünürdülərsə, mühafizəkarlar erməni xalqının çiyinlərinə əvvəlcədən müəyyən qüvvələr tərəfindən müəyyən olunmuş missiyanı qoymağa cəhd etdilər. Yazar Ermənistandakı bütün mübahisələrin əsasında bu iki dünyagörüşü arasındakı mübarizə dayandığını bildirir. Mühafizəkarların arasında, ermənilərin tarixdə yaşadığı bütün torpaqları birləşdirən “böyük dənizdən dənizə Ermənistan qurmaq” düşüncəsi ilə Erməni İnqilabçı Federasiyasının ən ehtiraslı və missiyası ən çox bilinən qrup olduğu ifadə edilərkən, bu qrup üçün Ter-Petrosyanın normallaşma strategiyasının erməni xalqının ən böyük düşməni olduğu ifadə edilir. Qarabağı da Qarabağ qruplaşması kimi təqdim edən yazar, tək problemə köklənən partiyanın Ermənistanda fəaliyyət göstərdiyi, Ermənistanın daxili və xarici siyasətində rol oynayarkən, hər hansı bir məsuliyyət daşımadığı ilə bağlı tənqidi fikirlərini xüsusi ilə qeyd edir. Çünki bir dövlət kimi Ermənistanın işsizlik, inflyasiya, büdcə kəsirləri kimi ciddi problemləri var və Azərbaycan ilə aralarında gedən silahlanma yarışı bu problemləri aşmağı xeyli çətinləşdirir.
Dördüncü fəsildə erməni siyasətində çox istifadə edilən bir təbir kimi “həmrəylik” termini Ermənistan daxilində siyasi həmrəylik, Ermənistan ilə Qarabağ arasında fəaliyyət və diplomatiya həmrəyliyi, Diaspor, Ermənistan və Qarabağ daxilindəki milli hədəflər və strategiyalar ətrafında uzlaşma və diaspor daxilində həmrəylik konteksində araşdırılıb. Müəllif hesab edir ki, bu mövzular arasında ən rahat uzlaşmanın mövcud olduğu Ermənistan daxilində həmrəylik mövzusunda belə böyük problemlər var. Bu fəsildə yazar sözdə soyqırımın tanınmasına istiqamətli səylərin və tanınmamasının Erməni kollektiv şüurunda və siyasi gündəmində mərkəzi bir rol aldığını və bu vəziyyətin Ermənilərin gündəminin açarını Türkiyəyə təslim etdiyini ifadə etməkdədir.
Gerrard Lebardyan hesab edir ki, indiki dövrdə iki qonşu ölkə olan Türkiyə və Ermənistanın ortaq mənafelərinin olmadığını və ya nə vaxtsa yaranmayacağını demək olduqca çətindir. Türkiyə ilə əlaqələrin normallaşması Ermənistanı Xəzər Dənizindəki hidrokarbon ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında tranzit ölkə halına gətirə bilər.
Beşinci fəsildə diaspor mövzusunu araşdıran müəllif erməni diasporunun dünyanın ən sistemli və ən mütəşəkkil diasporlarından biri kimi təqdim edir. Yazar, həmçinin, Ermənilərin diaspor təşkilatlarındakı fəaliyyətləri ilə özlərini ifadə etdiklərini və diasporun ermənilərin fərqli mədəni mühitlərə uyğunlaşma baxımından vasitəçi rolunu oynadığını da qeyd edir. Bu fəsildə diaspor sahəsində fəaliyyət göstərən Erməni İnqilabçı Federasiyası (EDF), Liberal Demokrat Partiya (LDP) və İctimai Demokrat Hınçak Partiyası (SDHP) xüsusi olaraq araşdırılıb. Bunlar icma təşkilatlarının qurulmasına kömək edən və onları nəzarətdə saxlayan təşkilat mexanizmləridir. Ayrıca kilsə ilə birlikdə ermənilərin yaşadıqları ölkələrdə erməni icmasını təmsil etmək hüququna da sahib olan bu təşkilatlar icmanı idarə edərkən ya bir-birlərini görməzdən gələrək, ya da öz aralarında vəzifələrini bölüşdürərək fəaliyyətlərini davam etdirirlər. Bu partiyalar arasındakı hər zaman mövcud olan fikir ayrılıqları və mübarizələrə də toxunan yazar Erməni İnqilabçı Federasiyasının Ermənistanın müstəqilliyini elanı qarşısındakı siyasətini tənqid edir. Müstəqilliyin vaxtsız elan edildiyi və Ermənistanın gənc və təcrübəsiz liderlər tərəfindən idarə edildiyini düşünən EİF müəllifin fikrincə müstəqilliyi qəbul edəcək ürəkliliyi göstərə bilməyib. EİF - in namizədinin prezident seçkilərində düçar olduğu uğursuzluqdan sonra Petrosyan əleyhinə icra etdiyi kampaniya Ermənistanın əleyhinə işləməyə başlayıb.
Ermənistan müstəqilliyini əldə edəndən sonra, Ermənistan ilə diaspor arasındakı münasibətlərə də toxunan əlaqəni qiymətləndirən yazar, bir çox diaspor mənsubunun Ermənistanı gördükdən sonra ölkənin gerçək problemləri olduğunu, Ermənistanın bir tarix muzeyi olmadığını anladıqlarını və bu mühitə uyğunlaşa bilmədiklərini vurğulayır. Yazar diasporun öz gündəmini Ermənistana daşımamalı olduğunu qeyd edir və diaspor partiyalarının Ermənistanda şöbə açmasına öz tənqidi münasibətini göstərir.
Altıncı fəsildə yazar Ermənistanın iqtisadi və siyasi sahədə içində olduğu vəziyyəti qısaca dəyərləndirəndən sonra strategiyalarla bağlı müşahidələrini qeyd edib. Yazar diplomatiya kimi ortaya atılan tamamilə ideoloji yanaşmanın məhsulu olan türk düşmənliyinin bir strategiya meydana gətirmədiyini və bu kimi halların milli mənafeyi müəyyən etmək qabiliyyətini itirib başqalarının kuklası olmağa səbəb ola biləcəyini vurğulayır. Türkiyə və ya Azərbaycana ziyan verən hər şeyin mütləq şəkildə ermənilərin də xeyrinə olmadığını və Ermənistanın bütün enerjisini Türkiyə və Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətdə qoymağa xərcləməsini zaman itkisi kimi dəyərləndirən yazar, ayrı-ayrılıqda bütün hallarda ermənilərin strategiya müəyyənləşdirməli olduqlarını, xəyalları və hədəfləri ortaya qoyan cümlələrin strategiya olmadığını ifadə edir. Müəllif əvvəlki fəsillərdə vurğuladığı ölkəni normallaşdırmağa çalışan praqmatiklərlə mühafizəkarlar arasındakı mübarizənin erməni xalqının gələcəyini təyin edəcəyini ifadə edərkən, praqmatik düşünənlərə olan açıq dəstəyini ifadə edir və mühafizəkar yanaşmanı mənimsəyənlərin Ermənistan və Qarabağın bu gününü təhlükəyə atdığını qeyd edir.
Ter-Petrosyanın nüşaviri olmuş müəllifin bu kitabında xüsusilə Ermənistanın daxili siyasətindəki aktorlar və Qarabağ problemi mövzusunda romantiklikdən uzaq dəyərləndirilməsi dərhal nəzərə çarpır. Ancaq yazarın Ter Petrosyan dövründə sözdə soyqırımın Türkiyə tərəfindən tanınması yolunda məsafə qət edildiyini ifadə etməsi və buna misal kimi verdiyi nümunələr səhv kimi qiymətləndirilməlidir. İrəvandakı bir yığıncaqda Türkiyədən bir sosioloqun açıqlaması və o dövrdə bir bələdiyyə sədrinin sözdə soyqırım abidəsini ziyarət etməsi Türkiyənin təsdiqi ilə həyata keçirilən bir siyasət dəyişikliyi kimi təqdim olunur.
Çeviri: Oktay Hacımusalı