Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: "Olland məni görəndə təəccübləndi"
Bir il öncə Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü Elvin Abbasbəylinin publika.az-a verdiyi müsahibə oxucular arasında dərin maraqla qarşılandı. Həmvətənimizlə bir ildən sonra yenidən əlaqə saxlayıb, maraqlı məqamlara toxunduq.
- Bu bir il ərzində yeni dillər öyrənmisiniz?
- Bir il hər hansı bır dilin öyrənilməsi üçün kifayət etməz. Bu qısa müddət ərzində bu dilə sadəcə giriş edə bilər, onun danışıldığı ölkənin və ya ölkələrin mədəniyyət(lər)i ilə müəyyən dərəcədə maraqlana bilərsiniz. Son ildə mən yunan və Koreya dilləri ilə maraqlandım. Yunan dili elmi işimlə bağlıdır. Osmanlı tərcüməçiləri barədə araşdırmalar aparıram. O şəxslərin əksəriyyəti yunan olub. Koreya dilini isə koreyalılara fransızca sinxron və ardıcıl tərcümə dərsləri verəcəyim üçün lazım olacaq. Yavaş-yavaş öyrənirəm.
- Artıq “Kəpəz” Nəşriyyat Evi ilə əməkdaşlıq edirsiniz. Bu nəşriyyat üçün bir neçə kitab tərcümə etmisiniz...
- Fransanın Strazburq şəhərində yerləşən “Kəpəz” Nəşriyyat Evi ilə bir ildən az müddətdir əməkdaşlıq edirəm. İlk tərcüməm Nəriman Nərimanovun “Bahadır və Sona” romanı oldu. İkinci tərcüməm da artıq işıq üzü görüb. Bu, Hüseyn Abdullayevin “Haradansınız, müsyö Abel ?” romanıdır. Hazırda eyni nəşriyyat ilə üçüncü layihə üzərində işləyirəm. Gələcəkdə də vaxtım olduqda ədəbi tərcümə fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Çünki Azərbaycan ədəbiyyatında fransızdilli oxuculara tanıdılacaq çox əsər var.
- Bu yaxınlarda tərcümə etdiyiniz “Bahadır və Sona” əsərini Fransanın sabiq prezidenti Fransua Ollanda hədiyyə etdiniz. Sizcə, əsəri oxuyandan sonra təəssüratı necə olacaq?
- Bəli. Strazburqa yazdığı kitabı təqdim etmək üçün gəlmişdi. Mən də aldığım kitabını imzalatmaq üçün getmişdim. Məni tanıması çox xoş oldu. Bir az söhbət etdik. Məni Strazburqda görməsinə təəccübləndi. Kitab tərcümə etdiyimi və ona hədiyyə etmək istədiyimi bildirdim. Məmnuniyyətlə qəbul edəcəyini söylədi. Mən də romanı ona təqdim etdim. Vaxt tapıb oxuyacağına ümid edirəm. Romanın nədən bəhs etdiyini söylədim. Bir az regiondakı məsələlərdən danışdı...
- Artıq ölkənin yeni prezidenti Emanuel Makrondur. Makronun da rəsmi görüşlərində tərcüməçi kimi iştirak edirsiniz. Fransızcaya tərcümə etdiyiniz hansı yazıçımızın əsərini ona təqdim etmək istərdiniz?
- Prezident Makron ədəbiyyatı, şeri və fəlsəfəni sevən şəxsdir. Bu, onun nitqlərində də özünü göstərir. Fransızcası çox ədəbidir. Son görüşdə “Bahadır və Sona” romanını çantamda götürmüşdüm. Amma bu cür görüşlərin formatını bilirsiniz. Təəssüflər olsun ki, kitabı ona təqdim etməm üçün münasib vaxt olmadı. Bəlkə gələcəkdə belə bir fürsət olar. Bu romanı Fransanın Azərbaycandakı keçmiş səfiri cənab Jan-Pyer Ginütə də təqdim etdim. Çox bəyəndi. İkinci tərcüməni də səbirsizliklə gözləyir.
- Texnologiyanın işıq sürəti ilə inkişaf etdiyi dövrdə yaşayırıq. Artıq yeni cihaz ixtira olunub. Müxtəlif dildə danışan insanlar həmin cihazı qulaqlarına taxıb bir-birini anlaya bilirlər. Təbii ki, tərcümə ideal səviyyədə olmasa da, dil baryeri aradan qalxır. Belə kəşflər bir tərcüməçi kimi sizi narahat etmir?
- Xeyr, qətiyyən narahat etmir. Dediyiniz kimi bu cihazlar sadəcə dil baryerini aşmaqda insanlara yardım edir. Gələcəkdə diplomatik tərcüməçinin yerinə iki prezidentin qulaqcıqlarla görüşəcəyinə də inanmıram. O qulaqcıqları təbii ki, taxacaqlar. Amma sinxron kabinində olan tərcüməçini dinləmək üçün edəcəklər. Natiqlərin səs tonu ilə ötürdüyü hissləri və mesajları bu cihazlar tərcümə edə bilməz.
- Tərcümə etməyi arzuladığınız, amma eyni keyfiyyətdə təqdim edəcəyinizdən çəkindiyiniz əsər varmı?
- “Bahadır və Sona” romanı tərcüməsi ağır olan əsər idi. Nəriman Nərimanov bu romanı öz dövrünün dili ilə qələmə alıb. Günümüzdə istifadə edilməyən sözlər və ifadələr var. Dəqiq tərcümə edə bilmək üçün bəzi hallarda ərəb, fars və Osmanlı lüğətlərin də araşdırmalı olurdum. Hüseyn Abdullayevin “Haradansınız, müsyö Abel ?” romanının tərcümə edilməsini “Kəpəz”ə mən təklif etdim. Bu romanı məktəb illərində oxumuşdum. O zaman heç təsəvvür belə edə bilməzdim ki, bir gün bu əsəri fransız dilinə tərcümə edəcəm və Fransada işıq üzü görəcək. Fransız dilindən də əsərlər tərcümə etmək istərdim. Hələ ki, Azərbaycandakı nəşr evlərindən belə bir təklif gəlməyib. Keyfiyyətdən çəkinmək lazım deyil. İdeal tərcümə yoxdur. Bir romanı on tərcüməçiyə verin və sizə on fərqli tərcümə gələcək. Bu tərcümələrdəki ola biləcək xətalardan bəhs etmirəm. Sadəcə tərcümədəki variantları nəzərdə tuturam. Şeir tərcüməsindən çəkinirəm. Səbəbini də izah etdim. Əgər mənə hər hansı bir romanın tərcüməsi təklifi gəlirsə, öncə oxuyuram onu. Xoşuma gəlməyəni tərcümə etmirəm. Sevmədimsə, onu həvəslə tərcümə edə bilmərəm. Sinxron tərcümədə bu seçim olmadığı üçün ədəbi tərcüməni zövq üçün edirəm.
- Səhv etmirəmsə, tərcüməçilər üçün əyani vəsait şəklində kitab yazmağı düşünürdünüz. Həmin ideyanızı gerçəkləşdirə bildiniz?
- Paris sinxron tərcümə məktəbinin yaradıcıları hesab edilən Seleskoviç və Lederer adlı iki xanımın yazdığı sinxron tərcümə dərsliyi var. Onun tərcümə haqlarını Avropa İttifaqından aldım. Vaxt olduqda tərcümə edirəm. Dörd yüzdən çox səhifəsi var. Bir gün bitirib Azərbaycanda nəşr etdirmək istərdim. Sinxron tərcümə fakültələri üçün dərslik kimi istifadə edilə bilər. Özüm hələ ki, dərslik yazmağı düşünmürəm. Amma niyə də olmasın...
- Tərcüməçilik ixtisasını seçənlər üçün ən son və maraqlı tədris sistemləri haqda da məlumat versəniz faydalı olar.
- Sinxron və yazılı tərcüməçilik iki fərqli peşədir. Bəzən bunların eyni peşə olduğunu yanlışlıqla düşünənlər də olur. Lakin bu belə deyil. Azərbaycanda bu iki peşənin hal-hazırda necə tədris edilməsi haqqında məlumatım demək olar ki, yoxdur. Avropa tərcümə məktəbləri bu sahədə liderdir. Fransa və İsveçrə sinxron və yazılı tərcümə məktəbləri bu siyahıda ilk yerləri tutur. Tədrisə gəlincə, bu peşəni seçənlərə məsləhətim Avropa və Amerikada bu sahələrlə bağlı işıq üzü görən ədəbiyyatları (kitabları və məqalələri) oxumalarıdır. Hər şeyi müəllimlərdən gözləməsinlər. Öz üzərilərdinə işləsinlər. Yazılı və şifahi tərcüməçilik həyat boyu təkmilləşdirilən peşələrdir.
- Dilimizdə “C” və “Ç” səslərini düzgün tələffüz etməyənlərin sayı günbəgün artır. Bəs fransız dilinə xələl gətirən bu kimi hallar varmı? Və dilçi alimlər bununla nə dərəcədə mübarizə aparırlar? Məsələn, mən tanıdığım yaşlı fransızlar gənclərin danışdığı fransızcanı anlamadıqlarını qeyd edirlər.
- Əslində iki sual verdiniz. Birinciyə cavab olaraq bunu deyim. Fransanın şəhərlərində əslən ərəb, Afrika, türk və ya başqa millətlərin nümayəndələrinin yaşadığı məhəllələrdə dil və tələffüz problemi mövcuddur. Azərbaycandan fərqli olaraq, dil və tələffüz Fransada sosial statusun göstəricisidir. Məsələn, Elzas və ya cənub aksenti ilə danışan biri Parisdə televiziya, radio, kino və ya başqa sahələrdə karyera qurmaq istəyirsə, bu aksentindən xilas olmalıdır. Yoxsa irəliləyə bilməz. Bəhs etdiyim məhəllələrdəki insanların da ana dili var. Və bu dillərin fonetikası da onların danışdığı fransızcaya təsir edir. Bu normal haldır. Amma normal olmayan isə bu məhəllələrdə yaşayan yerli fransızların bu “xarici aksenti” doğmalaşdırmasıdır. Məsələn, “T” səsinin olduğu sözlərdə bu hərf “Ç” kimi tələffüz olunur. Məsələn, “tu vois” (görürsən) “Çü vois” və ya “la voiture” (avtomobil) “la vuaÇür” kimi eybəcər şəkildə tələffüz edilir. Bəzi azərbaycanlı tələbələrdə də bunun şahidi olmuşam. Bunun da səbəbi türk və ərəb əsilli fransızlarla oturub-durmalarıdır.
Sualın ikinci hissəsinə gəldikdə isə bu da normal prosesdir. Nəsillər arasında fərq hər zaman olub və olacaq. Bu həm düşüncə tərzlərində, həm də dildə baş verə bilən təbii proseslərdir. Dil canlı varlıqdır. İnkişaf edir. Yeni sözlər “dünyaya gəlir” və ya “dünyadan köçür”. Fransada gənclərin özünəməxsus “dili” də var. Bu arqolarla, gənclərin mənsub olduqları millətlərin danışdıqları dillərdən aldıqları sözlərlə zənginləşdirilir. Açığı mən də gənc tələbələrimin öz aralarında danışdığı “fransızcanı” başa düşməkdə bəzən çətinlik çəkirəm. Azərbaycanda da gənclər yeni ifadələr “icad edir”. Amma bu Fransa qədər ola bilməz. Çünki tarixi amillər fərqlidir (Afrikadakı koloniyalar, və s).
- Son sual... Deyirlər tərcümə poeziyanın məhvidir. Razısınız?
- Şeir tərcüməsini nəzərdə tutursunuzsa, haqlısınız. Mən poeziyanın tərcümə edilə bilməsinə hər zaman şübhə ilə yanaşmışam. Bir-iki dəfə mən də özümü bu sahədə sınamışam. Çox çətindir. Edənlər var. Amma bunun üçün şair ruhlu olmaq lazımdır. Yoxsa bu hərfi tərcümədən başqa bir şey olmaz. Mənə şer tərcüməsilə bağlı gələn təklifləri sistematik şəkildə rədd edirəm. Çünki mənim edə biləcəyim iş deyil. Deyək ki, fransız dilinə bir dodaqdəyməz tərcümə edilməlidir. Sizcə bu nə dərəcədə mümkündür?! Siz o şeirdəki mənanı verə bilərsiniz, amma əsas məsələni, yəni dodaqların bir-birinə dəyməməsini, qətiyyən verə bilməyəcəksiniz.
Leyla Sarabi
Karabakh Today