• Əzrayılın qoruduğu adam

 

Ağır döyüşlər gedirdi. Erməni əsgərləri yuxarı mövqelərdən Əmralları və yaxın kəndləri aramsız atəşə tutmuşdu. Qaçan canını qurtarmışdı, qalan kənd camaatı başını yerdən qaldıra bilmirdi. Evlər yanır, fəryadlar ərşə qalxırdı.

Özünü müdafiə dəstələri ordan-burdan tapdıqları silahlarla döyüşürdü. Kəşfiyyat dəstəsinin komandiri İbad Hüseynli ordunun ağır vəziyyətini bəlkə də, hamıdan çox dərk edirdi. O bilirdi ki, silahsız əsgər bir cəsətdi, ya da daha betəri, düşmən əsiridi. O bilirdi ki, silahsız ordu məhvə məhkumdu, özünün məhv olmasıyla bərabər kəndlərin işğalı, dinc əhalinin amansızlıqla öldürülməsi deməkdi. Rus silahlarıyla silahlanmış düşmən onlara aman verməyəcək. Və onu da  bilirdi ki, arxa cəbhədən silah gəlməyəcək. Gözlənilən nəticənin, qasırğa kimi gələn  ölümün, fəlakətin qarşısını almağın yalnız bircə yolu var, silahlanmaq. Silahsa düşməndə daha çoxdu. İbad qərar verir və bir gecə yoluna, cığırına, daşına otuna bələd olduğu kəndlərdən keçərək, dəfələrlə ölümünü yenərək düşmən postlarının arxasına keçir. Rus ordusunda Hərbi  xidmət etdiyi üçün onların strategiyasını mükəmməl bilən kəşfiyyat komandiri fürsət tapdıqca düşmən ordusunun içinə girir, məşəqqətli günlərdən, saatlardan sonra onların silah məntəqəsini tapır. Bir kabus kimi, bir gözəgörünməz kimi, bəlkə də bir xilaskar mələyin qanadları arasında həmin məntəqəyə girə bilir. Onun cəsarəti, məqsədini, missiyasını canından artıq tutması ölümü qorxudur və  İbad Hüseynli Əzrailin qoruduğu adama çevrilir. Məntəqəyə daxil olanda sarımsaq və araq qoxulu bir otaqda rus əsgərlərinin sərxoş olub, stol başında yatdığını görür.  Onlara dəymir İbad, yalnız otaqdakı silahları götürür, qapının arxasındakı yeşiklərdən qumbaraları  üstünə yığır.  Avtomat gülləsiylə dolu yeşiyi götürüb gəldiyi kimi də geri qayıdır. İndi yükü daha ağır, düşmənlə qarşılaşmaq riski daha çox və ölümü daha yaxındı. Bir güllə onun üstündəki qumbaralardan birinə dəysə İbad bir silah ambarı kimi partlayar və tikəsi də tapılmaz. Amma onları düşünsəydi bu yola çıxmazdı İbad.

Döyüşlərin bu ağır vaxtlarında kəşfiyyat kamandirinin xəbərsiz, ətərsiz ortalıqdan yox olması hərbi hissədə bir başqa həyəcan yaşatmışdı, çaşqınlıq yaratmışdı. İbad Hüseynli xidmət etdiyi orduda həm də bir cəsarət simvoluydu. Onun yoxluğu əsgərin ruhunun qırılması demək idi. Döyüşdən qaçması, məğlub olması deməkdi. Ortalıqda gəzən İbadın ölüm şayəsi  eşidənləri məyus etmişdi.

İbad Hüseynli qəfil qeyb olduğu kimi, bir sabah hərbi hissədə üstü dolu silahla peyda olur. O əsgərlərə təkcə silah gətirməmişdi, onların həyatlarını yenidən qazandırmışdı. Döyüşmək və sağ qalmaq şansı vermişdi. Onları ölümün əlindən almışdı. Doğrudu, bir adam bir orduya çatacaq və döyüşü udacaq qədər silah-sursatı tək başına gətirə bilməz, amma bir adam yüzlərlə əsgərin ölmüş döyüş ruhunu dirildə bilər. Və İbad gücü çatdığı qədər gətirdiyi silahlarla bunu bacarmışdı. Onlara göstərmişdi ki, düşmən qorxulu deyil, o istədiyi vaxt onların arasına girib silahlarını gətirir. Orduya yeni qoşulmuş əsgərlərin içindəki qorxunu öz nümunəvi cəsarətiylə sındırmışdı.

İbad gətirdiyi qumbaraları, avtomatları, güllələri komandirə təhfil verdi. İndi ən azından düşmənə cavab atəşi açmağa  imkan yaranmışdı. İndi düşmən qarşısında susmayacaqdılar.

Hamı silahlanıb postlara gedirdi.  Gülləyə olan ehtiyacdan İbad “bir güllə bir düşmən ” prinsipiylə əsgərlərini döyüşə apardı. Həmin gün düşmənlə üz-üzə gələn dəstə demək olar ki, itki vermədi. Hər kəs bilirdi ki, İbad məğlub olmur, o döyüş strategiyasını elə profesionallıqla qurur ki, əsgərləri ölmür, həmişə döyüşdən silahla qayıdır. Ona görə də İbadın sorağını eşidən, adını bilən onun dəstəsində döyüşmək istəyirdi, onun arxasınca getməyi özünə şərəf bilirdi. İbad qorxaq əsgərə qarşı barışmaz mövqedə olub, silahını atıb qaçan əsgəri bağışlamırdı. Torpağını, döyüş yoldaşını, silahını atıb qaçan, qorxub qaçan İbadın gözündə düşmən idi. Ona görə də onun tabeliyinə girəndə əsgərlər hər şeyi gözlərinin qarşısına almağa məcbur idilər. Bilirdilər ki, İbadla gedilən yolda ölmək var, geri dönmək yoxdu.

Bu günə qədər də onun əsgərlərinin əksəriyyəti sağdı. Qorxmadan çəkinmədən döyüşdülər və İbad Hüseynlinin sayəsində sağ qaldılar. İşğaldan azad olunan kəndlərimiz, əsirlikdən qurtarılan camaatımız var ki, özləri bilməsə də İbad Hüseynlinin şücaətiylə bu gün həyatdadılar. 

İbad düşmən üçün həmişə bir kabus olub, onun adı gələndə qaçıblar. Namını bütün düşmən əsgərləri eşidib və biliblər ki, İbad amansızdı. İbadı qarşılarında yox, həmişə boyunlarının arxasında hiss ediblər. Görürdülər, eşidirdilər ki, nə güllə, nə mərmi İbadı öldürmür. Hətta son dəfə minaya düşsə də,  sağ qaldı. Bu dəfə də ölüm mələyi onu ölümündən uzaq tutdu.  Bu millət üçün, bu vətən üçün, bizim üçün canından keçməyə hər zaman hazır olan İbad Hüseynli, sağlamlığını itirdi.

Qəhrəmansız bir xalqın vətəni olmaz. Öz qəhrəmanın uca tutan bir millət heç zaman düşmənə yenilməz.  Nə xoşbəxtik ki, bizim and yerimiz olan qəhrəmanlarımız var. Nə xoşbəxtik ki, düşmən İbad Hüseynli adını eşidəndə bu millətin qürurunu, cəsarətini, qorxmazlığını, döyüşkənliyini anlayır.

Mən çox istərdim, aidiyyəti orqanlardan rica edərdim ki, Azərbaycan istehsalı olan silahlardan birinə- raket mərmisinə, ya zirehli maşınlardan birinə “İbad” adı verilsin. İstər tank, istərsə də mərmi düşmən üzərinə gedəndə düşmən  “İbad” gəlir deyib qaçsın. Ümid edirəm ki, mənim təklifimi dəstəkləyəcək  yüzlərlə adam olacaq və çox hörmətli nazirimiz bu təklifi dəyərləndirəcək. Çünki, düşmən öncə bizim adımızdan qorxur. 


Müəllif Vüsal NURU