• Xocalı soyqırımı və bəzi nüanslar - FOTOLAR

32 il keçir o müdhiş gecədən.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənimiz Ermənistanın və onun hamisi Rusiyanın təpədən dırnağa qədər silahlanmış basqınçıları Azərbaycanın qədim Xocalı şəhərinə hücum etmişdilər. Bir gecə ərzində içərisində qocalar, qadınlar, uşaqlar olmaqla Xocalının minlərlə sakini vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Xocalı yerlə yeksan edimişdi. Bu qətliam misilsiz bir tarixi hadisəydi, Rusiyanın Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə törədilmiş cinayət bütün cəhətləri ilə BMT-nin 11 noyabr 1946-cı il tarixli ilk sessiyasında qəbul edilmiş “Soyqırım cinayəti” adli qətnaməsinə, 9 dekabr 1948-ci il tarixdə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına tam uyğundur.

Ötən dövrdə ölkəmizin KİV-lərində Xocalı soyqırımı ilə bağlı kifayət qədər materiallar çap olunmuş, çoxsaylı filmlər çəkilmişdir. Ona görə bu barədə geniş danışmağa lüzum görmürəm. Mən müdhiş hadisə ilə bağlı bəzi nüansları qeyd etmək istəyirəm.

Xocalı soyqırımında həlak olanların sayı barədə. Yeri gəlmişkən qeyd edim ki, bu mövzuda mən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində çap etdirdiyi “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabındakı “Ağ qar üstündə al qan izləri” başlıqlı həcimli məqaləmdə yazmışam. Bu soyqırımının törədildiyi vaxtlarda qətlə yetirilmişlərin sayı 613 nəfər kimi göstərilmişdir.

Əslində isə bu cinayətin qurbanlarının sayı daha çoxdur. Amerikalı jurnalist Tomas Qolts özünün “Azərbaycan xatirələri” adlı kitabında Xocalıda öldürülənlərin sayının 688 nəfər olduğunu, müsəlman dini qaydaları əsasında 477 nəfərin isə dəfn olunduğunu göstərmişdir. Hadisədən sonrakı dövrdə istintaq-əməliyyat orqanlarının, müstəqil ekspert və tədqiqatçıların araşdırmaları, şahidlərin və zərərçəkmişlərin ifadələri fevralın 25-dən 26-na keçən gecə, ondan əvvəlki və sonrakı bir neçə gündə qətlə yetirilənlərin, donvurmadan və ya özünə qəsd etməklə ölənlərin sayının 1000 nəfərdən artıq, itkin düşmüş, əsir və ya girov götürülmüş insanların sayının isə yuxarıda göstərilən rəqəmdən xeyli çox olduğunu üzə çıxarmışdır. Vəhşicəsinə qətlə yetirilənlərin 200-dən çoxu qadın olub ki, bunlardan da neçəsi hamilə imiş. Öldürülmüş onlarla uşaqdan 43-ü azyaşlı, ən balacası isə ikigünlük körpə olmuşdur. Erməni quldurlarının qurbanına çevrilmiş insanlardan bəziləri yandırılmaqla, hərbi texnika ilə əzilməklə, yaxud parçalamaqla qəddarlıqla qətlə yetirilmişdilər.

2000-ci ildə nəşr olunmuş “Xaç naminə” adlı kitabında Daud Xeyriyan yazırdı: “Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim… Martın 2-də “Qaflan” qrupu (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-nə yaxın iyrənc monqol (azərbaycanlılar nəzərdə tutulur – Q.N.) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.

“Krua IיEveneman” (Paris), adlı jurnalist 25 mart 1992-ci ildə yazmışdı: “Ermənilər Xocalı adlı yerə hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə qətlə yetirilənlərdən danışırlar”.

“Financial Times” (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdam tərəfə gedən qaçqınlar toplusunu güllələmişlər. Azərbaycanlılar 1200 meyit saymışlar”.

Anlaya bilmirəm, biz niyə başqa millət nümayəndələrinin, hətta ermənilərin etiraf etdiyi, bir sıra araşdırmalarda göstərilən rəqəmlərə əhəmiyyət vermir, əzbərlədiyimiz 613 rəqəmindən yapışıb qalmışıq?

Digər bir məsələni də qeyd etməliyəm. Xatırladım, illər əvvəl, Xocalı yarasının hələ qaysaqlamadığı vaxtda belə bir şaiyyə yaydılar ki, guya şəhərdən təhlükəsiz çıxmaq üçün əhaliyə ermənilərin verdiyi dəhlizdən keçərkən onlar AXC tərəfdən güllə-borana tutulmuşlar. Sonralar bu şaiyyənin haradan qaynaqlandığı məlum oldu.

İki xalq arasında münasibətlər düşmənçilik səviyyəsində olduğu bir vaxtda, nə qədər qəribə də olsa, jurnalist Eynulla Fətullayev İrəvana, oradan Qarabağa – Xankəndinə, Əskərana, Ağdama gedibmiş və ermənicanlı təəssüratlarını redaktoru olduğu “Реальный Азербайджан” (“Real Azərbaycan”) “Карабахский дневник” (“Qarabağ gündəliyi”) məqaləsində dərc etdirmişdir. Bir qədər irəli gedərək qeyd edim ki, buradakı ermənicanlı və qeyri-real fikirlərinə görə həbs cəzasına məhkum edilmişdi. Bu da qəribədir ki, bütün bunlardan sonra E.Fətullayev daha böyük “hörmət” sahibi olub. O, jurnalistlər üçün tikilmiş binadan mənzil, 2020-ci ildə isə Əməkdar jurnalist fəxri adını alıb.

Xocalı soyqırımının törədilməsindən danışarkən Fətullayev yazıb: ”Xocalı faciəsi barəsində düşünərkən məndə sual yaranır. Bu, necə olar axı? Doğrudanmı bu adamlarda insani heç nə qalmayıb? Amma ədalət naminə etiraf edirəm ki, bir neçə il əvvəl mən Naftalanda müvəqqəti məskunlaşmış Xocalı qaçqınları ilə görüşəndə onlar mənə etiraf etdilər ki, rus-erməni kontingentinin genişmiqyaslı hücumu ərəfəsində şəhər üzük kimi mühasirədəydi. Və hələ hücumdan bir neçə gün əvvəl ermənilər səsgücləndiricilərlə arası kəsilmədən əhalini humanitar dəhliz vasitəsilə Qar-qar çayı boyunca qəsəbəni tərk etməyə çağırırdılar. Xocalıların özlərinin dediklərinə görə həmin dəhlizdən istifadə etmişlər və doğurdan da erməni əsgərləri onlara atəş açmamışlar. AXC batalyonundan bəzi əsgərlər nədənsə Xocalıların bir hissəsini ermənilərin nəzarəti altında olan Naxçıvanik kəndinə doğru çıxarmışdilar. Onların qalan hissəsi isə Ağlamın yaxınlığında artilleriya atəşinə tuş gəlmişdir...

Əsgəranda olarkən mən Əsgəran administrasiyası rəhbərinin müavini Slavik Aruşanyana qulaq asdım və dediklərini atəşə məruz qalmış Xocalıların xatirələri ilə müqayisə elədim (yəni erməninin dedikləri düzdür – Q.N.)...

Mən tam əminliklə deyə bilərəm ki, dəhliz doğurdan da olub, əks halda xocalılar heç cür mühasirə həlqəsini yarıb mühasirədən çıxa bilməzdilər... Oxşayır ki, AXC batalyonu xocalıların azad olunmasına yox, A.Mütəllibovun devrilməsi yolunda böyük qan üçün çalışırmışlar”. Beləliklə, bu başabəla jurnalist Xocalı soyqırımını tamamilə Azərbaycan tərəfinin boynuna qoyurdu.

Amma bu yaxınlarda ötən ilin avqustunda DTX-nin həbs etdiyi və Xocalı qətliamının törədilməsində günahkarlarından biri olan Rəşid Bəyləryan dindirilmə zamanı deyib: “1992-ci ilin fevralında Xocalı qətliamının törədilməsində təqsirimi etiraf edirəm və bəyan edirəm ki, ermənilər Xocalının azərbaycanlı əhalisini aldadaraq deyiblər ki, onlar təhlükəsiz şəkildə dəhliz vasitəsilə Əsgərandan Ağdama gedə bilərlər. O zaman ermənilər əksəriyyətinin qadın, uşaq və ahıllar olduğu 200-ə yaxın dinc əhalini pusquya salıb güllələdilər... Atəş kəsiləndən sonra biz meyitlərə yaxınlaşdıq, sağ qalanları güllələdik və üstlərində olan qiymətli şeyləri soymağa başladıq”. R.Bəyləryan dindirilmə gedişi zamanı Xocalı soyqırımı qurbanlarının Əsgəran yaxınlığında kütləvi şəkildə basdırıldıqları yerləri göstərmişdir. E.Fətullayev isə...

Adı çəkilən məqalədə müəllifin erməni tərəfinə, erməni millətinin nümayəndələrinə xüsusi rəğbətlə yanaşdığını hiss etmək çətin deyil.

Məqalədə deyilirdi: “Stepanakertin hər sakini mənə incikliklə müraciət edirdi: “Niyə siz bizim şəhərimizi Xankəndi adlandırırsınız? Biz kəhddə yox, şəhərdə doğulmuşuq!” Açığını deyim ki, mən də bizim bir çox boşboğazların və təbliğatçıların kütlüklə və süni prinsipiallıqla bizim toponimiyamıza Xankəndi adının zəhlətökən şəkildə sırımasını başa düşə bilmirəm. Əslində bu şəhər Stepanakertdi... və Şuşadan, Laçından, Kəlbəcərdən fərqli olaraq heç vaxt Azərbaycanın olmayıb”.

Xocalıda, Malıbəylidə, Meşəlidə, Daşaltıda, Ağdabanda, I və II Qarabağ müharibələri gedişində 25 mindən çox azərbaycanlını qətlə yetirmiş ermənilərin Əsgəranda yaşayan Tofiqi öldürmədiklərini onların humanistliyi nümunəsi kimi təqdim etmiş Fətullayev “bu insanlardan mehribanlıq gəlirdi” yazırdı. Müəllif Azərbaycan bayrağının təhqir edilməsinə cavab olaraq erməni zabitini qətlə yetirmiş Ramil Səfərovun əməlindən utanc hiss etdiyini ifadələmişdi.

Məqalənin sonuna yaxın Fətullayev onu müşayət edən ermənini də “xeyirxah mələk” kimi təqdim eləyib: “Axı məni öldürməklə atasının qanını almağa, bununla da ümumxalq nüfuz və hörmət qazanmağa onun min imkanı vardı. O, bunu eləmədi. Ona vicdanı yol vermədi”.

Və məqalə bu sözlərlə bitirdi: “Sevgi və ağriyla mən Qarabağı tərk edirdim”.

Baxın, aramızda belələri də var və nə qədər anormal olsa da, bu cürləri “hörmətə” mindirilir, onlar hər imtiyazdan geninə-boluna bəhrələnirlər...

Qədir Nəsirov

 

1

1

1

1

1


Müəllif Qədir Nəsirov


Mənbə Karabakh.Today