The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?
Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Bu, qəddarlığın və qeyri-insaniliyin rəmzlərinə çevrilmiş kənd və şəhərlərin adlarıdır - Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmidir. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu.
Bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan ingilis dilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək” sərlövhəli məqaləsində yazıb. http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/
Məqalə müəllifi yazır ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri oldu. “Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara olaraq qalacaq. Ermənilər Xocalı şəhərini seçməklə hansı məqsədi güdürdülər?
Strateji xarakterli məqsəddən başqa, onlar Xocalını qədim zamanlardan müasir dövrədək şəhərin tarixi və mədəni irsini əks etdirən məkan kimi məhv etmək istəyirdilər. Bu xüsusi mədəniyyət tarixə eramızdan əvvəl XVI əsrin Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid qəbir abidələri - daş qutular, kurqanlar və nekropollar, habelə memarlıq abidələri - dairəvi sərdaba (1356-1357-ci illər) və məqbərə (XIV əsr) aşkar edilib. Arxeoloji qazıntılar zamanı daş, bürünc, sümükdən düzəldilmiş müxtəlif bəzək əşyaları, saxsı əşyalar və s. tapılıb. Xocalıda tapılmış muncuqlardan birində Assuriya çarı Adadnerarinin (e.ə. 807-788) adı yazılıb. Xocalının işğalı ən qədim məzarlıqlardan biri hesab edilən Xocalı qəbiristanlığının bütün mədəniyyət abidələrini məhv edib. Bu, dünya mədəniyyətinə qarşı yönələn erməni vandalizminə əyani nümunədir”, - deyə israilli ekspert qeyd edir.
Arye Qut yazır ki, şəhərə hücum tanklardan, BTR-dən, “Alazan” tipli zenit toplardan, “Qrad” və “Uraqan” qurğularından, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən iki saatlıq artilleriya atışı ilə başlanmışdı. “Xocalı üç tərəfdən blokadaya alınmış, yanğın başlanmış, bütün şəhər, demək olar, yanmışdı. Hücumun birinci saatında bir çox dinc sakin mərmi atəşindən həlak olmuşdu.
Xocalıya hücumda 366-cı motoatıcı alayın hərbi qulluqçuları fəal iştirak edirdilər. Hərçənd ki, bu fakt qəti şəkildə inkar olunurdu. Komandanlığın qəti əmrinə baxmayaraq, “Krasnaya zvezda” qəzeti 1992-ci il martın 11-də 366-cı alayın hərbi əməliyyatlarda iştirakı faktını təsdiqlədi. Alayın təxliyəsi zamanı isə desantçılar seçmə üsulla bir neçə hərbi qulluqçunu yoxladılar və onlardan böyük məbləğdə pul, o cümlədən xarici valyuta aşkar etdilər”, - deyə Arye Qut qeyd edir.
Məqalə müəllifi 1992-ci ilin əvvəlində 97-ci əlahiddə mühəndis bölməsində xidmət etmiş, hücumda 366-cı motoatıcı alayın əsasən milliyyətcə erməni olan hərbi qulluqçularının iştirakını təsdiqləyən Yuri Girenkonun fikirlərindən sitat gətirir. “Sual yaranır: ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın qaynar nöqtəsində yerləşdirilmiş sovet batalyonunda nə üçün məhz əsasən ermənilər olub? Cavab gün kimi aydındır, bu əvvəlcədən planlaşdırılmış və düşünülmüşdü. Özü də nəzərə almaq lazımdır ki, batalyon yaxşı silahlanmışdı, azərbaycanlı kəndlilərdən isə hücumdan xeyli əvvəl ov tüfənginədək bütün silahları yığışdırmışdılar.
Hadisələrə qayıdaq. Alaydakı ermənilər əsgərlər, habelə digər millətlərdən könüllülər toplayıb Xocalıya qanlı hücuma keçdilər.
Cəmi bir gecədə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri dağıdıldı və yandırıldı. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan xocalılardan heç birinə aman vermədilər.
Xocalı sakinləri gecə saat 2-də 100-300 metr eni olan dəhlizlə şəhəri tərk etməyə cəhd edərkən avtomat və pulemyot atəşləri ilə dərhal öldürüldülər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində yazır.
“Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 insan əlil oldu, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qaldılar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalının 150 sakini şəhərin şərq hissəsində öldürüldü. Kütlə vahiməyə düşmüşdü. Yol qar və qana bulaşmış cəsədlərlə dolu idi. Qaçqınların bir hissəsi Qarqar çayını keçə bildilər. Dinc sakinlər yaxınlıqdakı dağlarda gizlənməyə çalışdılar, lakin əksəriyyəti səhərədək donub öldü. Həmin gecə donub ölmüş insanların ümumi sayını hesablamaq mümkün deyildi. Statistik hesabatlara görə, onların əksəriyyəti indi də “itkin düşmüş” hesab olunur”, - deyə israilli ekspert qeyd edir.
Məqalə müəllifi yazır ki, Xocalının bütün sakinləri öldürüldükdən, girov götürüldükdən və şəhəri tərk etdikdən sonra erməni əsgərləri Xocalını cəld nəzarətə götürdülər, onların bir məqsədi də qətliamın miqyasını gizlətmək idi.
“Azərbaycan helikopterləri cəsədləri götürməyə çalışırdılar, lakin onlar daim atəşə tutulurdu. Ölənlərin əksəriyyətini nəqliyyat vasitələrində, əsasən də yük maşınlarında daşıyırdılar. Lakin 150 nəfərin taleyi hələ də məlum deyil. Ermənistan tərəfindən törədilmiş Xocalı qətliamı beynəlxalq hüquqa zidd olub, Cenevrə konvensiyalarını və İnsan Haqları Haqqında Bəyannamənin (BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilib) 2, 3, 5, 9 və 17-ci maddələrini pozub”, - deyə Arye Qut vurğulayır.
“Ağzınadək xalça, çaynik və qazanla yüklənən əzilmiş, şinsiz maşınlar yolda uğuldayırdı, - deyə amerikalı jurnalist Tomas Qolts yazır. Maşınların tüstüsündə boğulan, döşəklərin və dəmir çarpayıların ağırlığı altında əzilən insanlar pambıq daşımaq üçün kuza qoşulmuş traktora çatmağa çalışırdılar, orda cındır geyimdə, çirk içində olan uşaqlar və vaqqıldayan ördəklər var idi. Dəstənin arxasında eşşəyə minmiş və ya qatırın yedəyindən tutmuş kişilər gəlirdi, ayaqyalın çobanlar isə hürkmüş qoyun, inək və buzovları yaxından keçən yük maşınlarının altına düşməkdən qorumağa çalışaraq onları qovurdular”.
Qutun sözlərinə görə, azərbaycanlı qaçqınların öz torpaqlarından çıxması İkinci Dünya müharibəsindən bəri Avropada ən kütləvi tərketmə idi. “Odlar yurdu və onun xalqı cəhənnəm astanasında – satılmış, aldadılmış, atılmış vəziyyətdə qalmışdı... Xocalı şəhəri Azərbaycan ərazilərinin işğalının və etnik təmizlənməsinin növbəti mərhələsi idi, sarsıdıcı qəddarlıq qarşısında vahimə və qorxu yaradılması idi. Bu, təkcə bir nəslin faciəsi deyil, həm də bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir!
İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə mən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalının sağ qalmış sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, onlar erməni vəhşiliyi və yırtıcılığı haqqında elə dəhşətli şeylər danışırdılar ki, onları yazmaq belə eyibdir. Onlar bizə işgəncələrin izlərini göstərirdilər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində vurğulayır.
Sonra müəllif oxuculara Xocalı soyqırımı şahidlərinin söylədiklərini təqdim edir.
Mayor Leonid Kravets, Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin pilotu: “Mən Stepanakertdən yaralıları daşıyır və Əsgəran darvazasından keçməklə geri qayıdırdım. Qəflətən yerdə naməlum parlaq ləkələr gördüm. Helikopteri bir qədər aşağı endirdim, bu arada bortmexanik qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Mən özüm də gördüm ki, təxminən iki yüz nəfərin cəsədləri yamaca səpələnib, əllərində silah olan insanlar bu cəsədlərin arasında gəzişirdi. Sonra biz cəsədləri götürmək üçün həmin ərazinin üstündən uçurduq. Yerli milis kapitanı da bizimlə idi. O, özünün dörd yaşlı oğlunun parçalanmış başını görəndə huşunu itirdi. Ermənilər bizi atəşə tutana qədər başqa bir uşağın da meyitini götürməyə macal tapdıq. Bu uşağın başı kəsilmişdi. Ətrafda qadınların, uşaqların və qocaların eybəcər hala salınmış cəsədləri vardı. Aşkar görünürdü ki, bu adamların çoxu qaçmağa cəhd göstərərkən onlara yaxın məsafədən atəş açılıb, bəzilərinin sifətləri eybəcər hala salınmışdı”.
Elman Məmmədov, Xocalının sabiq icra başçısı: “80-ci illərin ortalarına qədər Xocalı Dağlıq Qarabağda kiçik bir şəhər idi. 90-cı illərin əvvəlində Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların və Özbəkistandan qovulmuş mesheti türklərinin hesabına Xocalının əhalisi artmağa başladı. Bu şəhərin sakinlərinin sayı 10 minə çatdı, o, Dağlıq Qarabağda azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra ikinci şəhər oldu”.
İsay Svirski, Azərbaycanın Əməkdar İnşaatçısı, İsrail vətəndaşı: “Mən Xocalı şəhərini inşa edənlərdən biriyəm. Burada dinc, olduqca qonaqpərvər, xoşbəxt insanlar yaşayırdı. Milli düşmənçilik hissləri onlara yad idi. Bu insanlar övladlarını böyüdür, işıqlı gələcək barədə xəyallara dalır, yaşayış evləri, məktəblər, uşaq bağçaları, körpələr evləri tikir, yollar salırdı. Heç vaxt düşünməzdim ki, orada belə hadisələr baş verə bilər”.
Ramin Həsənov, Xocalı qaçqını: “Mənim uşaqlıq illərim orada, Xankəndidə keçib. Biz rus və erməni uşaqları ilə birlikdə bağçaya, məktəbə gedir, onların çoxu ilə dostluq edir, müxtəlif oyunlar oynayırdıq. Heç vaxt ağlıma gəlməzdi ki, bir neçə ildən sonra ermənilər bizə silah qaldıracaq, bizi öldürəcəklər. Biz birgə olanda hamımız üçün yaxşı idi. Heyf!”
Lalə Ələsgərova, Xocalı qaçqını: “Mən Ağdamda doğulmuşam, Xocalıda çoxlu qohumlarımız vardı. Qızım Xocalıda ərə getmişdi və orada yaşayırdı. Onlar çox yaxşı yaşayırdılar, erməni tanışlarımız çox idi, bir-birimizin evinə qonaq gedirdik. İkinci Dünya müharibəsinin ən çətin dövründə biz onlara kömək etmişik, acından ölməyə qoymamışıq, sonra isə hər şey tərsinə oldu. Belə çıxır ki, bizim bədxah qonşularımız əsl yırtıcı simalarını gizlədirmiş”.
Asiya Abdullayeva, Ermənistandan olan qaçqın: “Xocalı əhalisinin bir hissəsi Ermənistanda öz tarixi torpaqlarından qovulmuş azərbaycanlılardır. Onları Ermənistandan vəhşicəsinə qovublar. Zavallı mesheti türkləri isə neçə dəfə yerlərini dəyişib! Burada onlar özlərinə yeni Vətən tapmışdı. Məgər başqa məzhəbə mənsub olmaları və sonradan Azərbaycanın bir hissəsinə çevrilmələri onların təqsiridirmi?!
Dürdanə Ağayeva, Xocalıdan olan rabitəçi: “Mənim susmağa haqqım yoxdur. Mən erməni əsirliyindən salamat qurtarmışam. Bəlkə də hər şey barədə açıq danışmağıma görə kimlərsə məni qınayacaq, amma mən susmayacam, çünki mənim başıma gələnlər övladlarımın da başına gələ bilər. Meşədən keçərək Xocalıdan qaçanlar və xilas ola bilənlər mənim başıma gələnləri görməyiblər. Onlar müharibəni görüblər, amma erməniləri görməyiblər. Baş verən hadisə barədə ətraflı danışmayanlar düz hərəkət etmirlər. Bizim uşaqlarımız həqiqəti bilməlidirlər, düşmənlərinin kim olduğunu bilməlidirlər. Düşmənə qalib gəlmək üçün bunu bilmək vacibdir.
Müharibə başlananda və Xocalı blokadaya alınanda qardaşım səngərlərdə vuruşur, mən özüm isə rabitəçi kabinəsində döyüşürdüm. Bizim bütün ailəmiz vuruşurdu. Atışma başlananda qonşumuz Teyyub əmi bizi öz evinin zirzəmisinə çağırdı. Təxminən saat on birin yarısında qonşumuz Şərqiyyə xala və onun qızı İradə dedilər ki, deyəsən atışma səngiyib. Onda biz öz evimizə getdik, lakin tezliklə məlum oldu ki, ermənilər bizimkiləri arxayın salmaq üçün taktiki kələk işlədiblər. Onlar aerodromu tutmaq üçün qəflətən hücuma keçdilər. Qapı açıldı və qonşumuz Abdulla dayı (onun ailəsi də bizim yanımızda idi) qorxmuş halda dedi: “Burada nə yığışmışınız? Camaat meşə ilə qaçır!”
Biz zirzəmidən çıxanda ətraf qan-qırmızı rəngə boyanmışdı – ermənilər ardınca işıqlı iz buraxan mərmilər atırdılar. Qorxunc mənzərə yaranmışdı. Biz sürünə-sürünə meşə tərəfə yönəldik. İmkan düşəndə qaçırdıq, atəş şiddətlənəndə isə qarın üstü ilə sürünürdük. Bu arada bir güllə mənim topuğuma dəydi. Artıq qaça bilmirdim, sürünmək də çətinləşmişdi. Sonra nə olduğunu xatırlamıram.
Özümə gələndə ətrafda qan gölməçələri, kolların və ağacların üstündə qana bulaşmış paltar qırıntıları gördüm – insanlar sürətlə qaça bilmək üçün əyinlərindəki paltarları da cırıb atırdılar. Meyitlərin sayı-hesabı yox idi. Gecə vaxtı huşumu itirdim, ayılanda artıq səhər idi. Sürünə-sürünə çatdığımız yerdən Ağdamın Şelli kəndinə piyada 10 dəqiqəlik məsafə qalırdı. Dönüb geri baxdım, gördüm bizim həmkəndlimiz Valeh və onun arvadı Səadət gəlir. Onlar yaxın vaxtlarda evlənmişdi. Səadət hamilə idi. Mənim gözümün qabağında bir güllə düz onun qarnına, sonra daha bir neçə güllə bədəninin müxtəlif hissələrinə dəydi. Özü də atəşə tutulan Valeh “Səadət! Səadət!” deyə dəli kimi bağırır, əli ilə başına döyürdü. Səadət məndən bir yaş kiçik idi, 19 yaşı vardı, Valeh isə məndən üç yaş böyük idi. Mən sürünə-sürünə onlara yaxınlaşıb dedim: “Valeh, qorxma, o sağalacaq”, Valeh isə heç nə eşitmir, elə hey deyirdi: “Səadəti öldürdülər, Səadət daha yoxdur!”
Ətrafa göz gəzdirdim, lakin öz ailəmin üzvləri heç yerdə gözə dəymirdi – nə anam, nə qardaşlarım, nə də nənəm. Güllələr yağış kimi yağırdı. Mən sürünə-sürünə yolun kənarına çəkildim, labüd ölümdən xilas yolu axtaran insanların bədənləri ilə açılmış çuxura çatdım. Bir də ətrafa baxdım və qarşıda kiçik bir çuxurda qardaşımı gördüm. O, al-qan içində idi. Güllə onun sağ böyrünə dəymişdi. Valeh artıq arvadının meyitini qoruyacaq halda deyildi. O da mənim arxamca həmin çuxura tərəf süründü. Bizimlə Qamboy adlı bir köçkün də vardı. Xankəndindən 5 yaşlı oğlu ilə gəlmişdi. Biz – qardaşım, mən, Valeh, Qamboy və onun oğlu bu çuxurda uzandığımız vəziyyətdə əsir düşdük”.
Almas Xasıyeva, qaçqın: “Mən həmin humanitar dəhlizi xatırlayıram. Min nəfərə yaxın həmyerlim, qadınlar və uşaqlar erməni silahlılarının qarət obyektinə çevrildi. Bircə canımız qalmışdı, onu da ermənilər “azad dəhlizdə” aldılar. Onlar Naxçıvanik kəndinin yaxınlığında bizi atəşə tutdular, biz öz övladlarımızı, nəvələrimizi itirdik. Bizi hər şeydən, Vətəndən də məhrum etdilər”.
Rimma Xatilyeva, qaçqın: “O illərin kinoxronikasında atamın, anamın, qohumlarımın eybəcər hala salınmış cəsədlərini görəndə nifrətimin həddi olmur. Bizim təqsirimiz nə idi? Bəs ədalət mühakiməsi haradadır? O vaxtdan neçə il keçib, Xocalı qırğınının təqsirkarları olan qatillər isə hələ də cəzalandırılmayıb!”
Məqalənin müəllifi Arye Qutun fikrincə, bu gün müasir Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan (indiki prezident), Seyran Ohanyan (keçmiş müdafiə naziri), Robert Koçaryan (sabiq prezident) və onlarca terrorçu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlıların qırğınını və onlara qarşı etnik təmizləməni bilavasitə təşkil edib, bu əməliyyatlarda iştirak ediblər.
İsrailli ekspert vurğulayır: “Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksəkvəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiqləyən çoxsaylı materiallar, video-sənədlər, faciə şahidlərinin ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq bu şəxslərin bəziləri hətta xarici KİV-lərə müsahibə verməyə də utanmayıblar. Onlar həmin müsahibələrində Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşicəsinə cinayətlərə haqq qazandırmağa çalışır, bununla öyünürlər. Serj Sarkisyanın bu sözləri heç kəsin yadından çıxmayıb: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik”.
Xocalıda ağlasığmaz qəddarlıq və vəhşiliklə törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu qırğının amansız, qəddar səhnələri azərbaycanlıların qəlbində sağalmaz bir yara kimi qalacaq”.
Qutun fikrincə, bu, hər birinin öz həyat tarixçəsi, öz ailəsi, uşaqlığı, arzuları və gələcəyi olmuş dinc Azərbaycan vətəndaşlarının kədəri və ağrısıdır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı qırğın və soyqırımı aktı nəticəsində həmin insanların arzuları və gələcəyi məhv edilib.
Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Lakin Xocalıda soyqırımı aktı qurbanlarının bir ümumi dərdi var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər hələ də beynəlxalq ədalət məhkəməsi qarşısında dayanmayıb, cəzasız qalıblar. İkinci Dünya müharibəsinin sonunda nasistlərin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında dayandı, amma onlardan fərqli olaraq Azərbaycanın dinc vətəndaşlarının Xocalıda kütləvi şəkildə qətlə yetirilməsinin ideoloqları və icraçıları müasir Ermənistan respublikasında sərbəst yaşayır.
Cinayət cəzasız qalmamalıdır, cinayətkarlar Xocalıda bu soyqırımı aktının təşkilinə və həyata keçirilməsinə görə cəzalandırılmalıdır!
Biz Xocalıya ədalət tələb edirik!”(azərtac)
Karabakh Today