Gəncə qubernatoru İbrahim ağa Vəkilovun Daxili İşlər nazirinə məktubu - Ermənilər Böyük Britaniyanın nümayəndələri tərəfindən dəstəklənirlər
“Daxili İşlər Naziri Cənablarına
Mənə etibar edilmiş müsəlman əhalisinin ağır vəziyyəti üzərimə xidməti borcdan əlavə Əlahəzrətinizə bu ərzi-halla müraciət etmək mənəvi borcu qoyur. Son illərin anarxiya hərəkatına gətirib çıxaran hadisələri bütün quberniya əhalisinin maddi güzəranını tamam sarsıtmışdır. Bar verən torpaq sahəsi əkinçisiz qalmışdır. İstilər düşməsinin yaxmlaşması ilə heyvandarlığın istifadəsindən ötrü yaylaqların açılması üçün təcili tədbirlər görülməsə, heyvandarlığı tam tənəzzül təhlükəsi gözləyir.
Bununla yanaşı, quberniyanın bütün mədəni həyatı donub, kənd məktəbləri əksərən fəaliyyət göstərmirlər, şəhər məktəbləri və gimnaziyalar yoluxucu xəstəliklər ucbatından bağlanıb, zavodlar işləmir və ilaxır.
Əhali dinc həyat axarının həsrətindədir, hakimiyyət həyatı lazımi məcraya yönəltmək üçün öz tərəfindən mümkün olan hər şeyi edir.
Sanki belə şəraitdə ən yaxın gələcəkdə ölkədə sakitləşmə, dinc əməyə və gənc respublikanın çiçəklənməsindən ötrü mədəni təşəbbüslərin həyata keçirilməsinə başlanmasını gözləmək olardı.
Sülh həsrətində olan əhalidən danışarkən, mən müsəlmanları, rusları və alman koloniyaçıları nəzərdə tuturam, ermənilər bu sandan, görünür, tamam başqa fikirdədirlər ki, bu barədə geniş şərhə hacət yoxdur. Onlar müsəlmanlara nifrətlə çulğanaraq qandan tamam məst olmuşlar, müsəlman kəndlərinin talan edilməsi, sakinlərin qırılması, qadınların və uşaqların zorlanması ilə ifadə olunan öz düşmənçilik hərəkətlərinə son qoymurlar.
Onların vəhşilikləri hədd bilmir, bunlar qarşısında zülmət orta əsr dəhşətləri kölgədə qalır. İnanmaq istəmirsən ki, 20-ci əsrdə öz mədəniliyi haqqında bütün Avropaya car çəkən müdafiəsiz dinc əhaliyə vəhşi məxluqatın bütün üsullarını tətbiq edən xalq mövcuddur. Quberniyanın hər tərəfindən gələn gündəlik raport və məlumatlarda səslənən o dəhşətlərin təəssüratı altında bu sətirləri yazmaq ağırdır; qadınlar zorlanıb, uşaqlar tonqallarda yandırılır, dillər, qulaqlar kəsilir, işgəncələr, həqarətlər.
Mən, quberniya rəisi kimi quberniya və qəza hakimiyyətinin mənə tabe olan rütbəli şəxslərindən həmişə respublikanın şüarlarına əməl olunmasını tələb edirəm: millətə fərq qoymadan, hamı qanun və hökumət qarşısında bərabərdir. Lakin, istər-istəməz bir şeyin üzərində düşünməli olursan ki, Allah və bəşər qanunlarını tanımayan xalq bütün elədiklərindən sonra başqa xalqın dinc övladının belə münasibətinə layiqdirmi. Hansısa Farqat Balayansın quldurlarının oğurlanması bütün hakimiyyəti ayağa qaldırır. Ələt stansiyasında bir neçə başkəsənin bir neçə erməniyə quldur basqını, yüz minlərlə əvəzsiz qurban hakimiyyətin dəstəyini və müdafiəsini gözləyərək sükutla göz yaşı axıtdıqları vaxt Parlamentdə şikayətə və ingilis komandanlığı qarşısında timsah göz yaşlarına səbəb olur.
Gözləmək olardı ki, Azərbaycan-erməni münasibətlərinə qarışmaqla ingilis komandanlığı müraciətlərin yatırılmasından ötrü xüsusi missiyaları göndərməklə yuxarıda təsvir olunanların hamısına son qoymalı idi, ancaq məsələ başqa cürdür, ermənilər səfərbər olunmaqda davam edir və Böyük Britaniyanın nümayəndələri tərəfindən dəstəklənirlər. Müsəlmanlara basqınlar nəinki qurtarır, əksinə, getdikcə daha kəskin xarakter alır.
İngilis missiyası gəldikdən sonra 1918-ci il dekabrın 1-dən Cəbrayıl qəzasında ermənilərin müsəlmanlara qarşı qəddar zor işlətmə və cinayətləri haqqında məlumatlan nəzərə çatdırıram. Budur onlar:
1. Dekabrın 3-də Qovğa kəndini mühasirəyə alaraq ermənilər 10-a qədər müsəlmanı həlak etmiş, ahıl mülkədar Əsəd ağa Cavanşiri öldürmüş və ailəsini qırmışlar.
2. Dekabrın 2-də Arakül kəndinin silahlı erməniləri Xələfli, Aşıq Məlikli, Tatar və Şıxlar kəndinə hücum edərəkən 10 evi yandırıb dağıtmış, 2 qadını, 6 kişini yaralamış və 10 baş malı tələf etmişlər.
3. Dekabrın 5-də Qarakollu kəndindən Molla Nəbiyə və başqalarına məxsus 40-a qədər qoyun oğurlanıb aparılmışdır.
4. Dekabrın 7-də ermənilər Arış müsəlmanlarının 40 ədəd qoyununu sürüb aparmışlar.
5. Dekabrın 10-da Məhərrəm oğlu Doşuluların və başqalarının 12 baş malı aparılmışdır.
6. Dekabrın 10-da Miryusif Mirhəsən oğlu Əfəndililərin 12 baş malı aparılmışdır.
7. Dekabrın 15-də Siriklilərin 100 baş malı aparılmışdır.
8. Dekabrın 18-də ermənilər Məzrə kəndinə basqın edərək qarovulçu İsmayıl Mustafa oğlunu süngülərdən keçirmiş, 40 baş malı aparmış və min manata qədər məbləğdə ev əmlakını qarət etmişlər.
Yanvarda Düdükçü kəndində o kəndin mülkədarı Camal bəyə və digər Vəzirovlara məxsus bütün varidatı və başqa şeyləri odun ağzına verdilər, bütün əmlaklarını talan edərək 100 min manatdan artıq ziyan vurmuşlar.
Buna baxmayaraq, Cəbrayıl qəzasının müsəlmanları həmin hadisələri dərin hüzn hissi ilə qarşılayır və heç bir fəal hərəkətlərə əl atmadan özlərini və əmlaklarını basqından qorumaq üçün yalnız müdafiə mövqeyi tuturdular.
Həmin qəzada Qəza rəisinin şəhadətinə görə, bu müddət ərzində müsəlmanlar tərəfindən ermənilərə qarşı qanunpozma halı olmamışdır.
Di gəl ki, ermənilər səbəb olmadan hal-hazırdakı dürüst məlumatlara görə bütün erməni quldur dəstələri üçün mənzil-qərargah olan Hadrut kəndində sürətlə silahlanırlar. Bundan belə nəticə çıxır ki, ermənilər silah və patron çatışmazlığından böyük zərər çəkə bilən həmsərhəd müsəlmanlarla ciddi toqquşmaya hazırlaşırlar.
Bu halda, heç bir hökmə tabe olmayan quldur Andranikin iştirakı və ingilislərin, hətta mənəvi də vəhşilikləri haqqında ərzi-halı başa çatdıraraq onu da əlavə edirəm ki, tək Zəngəzur qəzasında siyahılarını qoşduğum 105 (yüz beş) kənd talan və qəraət edilmişdir.
(Bundan başqa, İranla həmsərhəd rayonların müsəlmanları sərhəd kəndləri talan edən, sakinləri öldürən və onların mal-qarasını aparan İran quldur dəstələrinin basqınlarına məruz qalırlar).
Yuxanda göstərilənləri ərz edərək Zati-Alinizdən öz əmlakını itirərək acınacaqlı həyat sürən müsəlmanların xilası və öz həmyerlilərinin başına gələnlərdən hələlik möcüzə nəticəsində xilas olanların talan edilməsinin qarşısının alınması üçün Sizdən asılı olan bütün tədbirləri görməyinizi itaətlə xahiş edirəm.
Əlahəzrətinizə ərz etməyi rəva bilirəm ki, mənim fikrimcə hökumət İngilis komandanlığına onların inanmağa öyrəşdikləri və indiyədək dəstəklədikləri xalqı ram etməkdən ötrü sözsüz ki, sərəncamlarında olan bütün tədbirləri görmək tələbi ilə müraciət etməli və Qafqazdakı müttəfiq ordu komandanının əsl vəziyyəti bilməsinə çalışmalıdır...
Bununla eynən mən İran hökumətinin nümayəndələri ilə Xarici İşlər Nazirliyi vasitəsilə iranlı quldurların Azərbaycan ərazisinə basqınları əleyhinə tədbirlərin görülməsi ilə əlaqədar qurulması vəsatətini verirəm.
Sonda Əlahəzrətinizdən kəndlilərin təsərrüfatlarını bərpa etməkdən ötrü onları canlı və hərəkətsiz əmlak, toxum və pul yardımı etməklə köməklərinə gələrək qaçqın müsəlmanların doğma torpaqlarında məskunlaşmaları barədə məsələnin nəzərdən keçirilməsinə sirayət etmənizi xahiş edirəm.
Əlahəzrətinizin gələcək sərəncamları haqqında (və mənə etibar edilmiş quberniyanın müsəlmanlarının müdafiəsi haqqında vəsadətinin təmin edilməsi barədə) baxəbər olunmağına iltifat göstərmənizi arzuladım.
Qubernator İbrahim ağa Vəkilov,
Dəftərxana müdiri (imza)”
Karabakh Today