Azərbaycanda işsizlərin rəsmi sayı açıqlandı
Ekspert: “İnşaat sektorunda canlanmanın yaranması məşğulluğun təmin edilməsi baxımından çox vacibdir”
Bir neçə gündür ki, Azərbaycanda işsizlərin sayı ilə bağlı rəqəmlər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Rəqəmləri yazanlar bildirirlər ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda bildirilir: “Ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb. Ölkədə ən az işsiz olan rayon kimi isə aşağıdakılar qeyd olunub: Tovuz rayonu (6 nəfər),Goranboy rayonu (4 nəfər), Ağstafa rayonu (3 nəfər), Daşkəsən rayonu (3 nəfər), Balakən rayonu (3 nəfər), Qəbələ rayonu (3 nəfər), Astara rayonu (1 nəfər), Qusar rayonu (1 nəfər), Beyləqan rayonu (1 nəfər), Ağcabədi rayonu (1 nəfər).
Uzun müzakirələrdən sonra Dövlət Statistika Komitəsi Report-a açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir. Bildirilib ki, həmin rəqəmlər işsizlikdən sığorta ödənişi alanlara aiddir:
“Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var. Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı isə qeyd olunan rayonlar üzrə aşağıdakı kimidir: Tovuz rayonu üzrə 230, Goranboy rayonu üzrə 174, Ağstafa rayonu üzrə 151, Daşkəsən rayonu üzrə 3, Balakən rayonu üzrə 181, Qəbələ rayonu üzrə 127, Astara rayonu üzrə 92, Qusar rayonu üzrə 95, Beyləqan rayonu üzrə 170, Ağcabədi rayonu üzrə 313 nəfər.
“Yeni Müsavat” olaraq öyrəndik ki, 2017-ci ildə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33 min nəfər olub.
Ötən ilin statistikasına görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 12,7 min nəfər qeyd edilirdi. 2018-ci ilin 1 avqust statistikasında isə qeyd edilib ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub və onlardan 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib.
2016-cı il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 514,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min nəfər, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 480,2 min nəfər çalışıb.
“Yeni Müsavat”a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, işsizlərin sayı statistikada elan olunandan daha çoxdur:“Həm qeyri-dəqiq məşğulluq var, həm də işsizlik. Bu iki kateqoriyaya daxil olanların sayının azaldılmasına ehtiyac var. İşsizliyin sayının azaldılması yollarından biri kimi aqrar sektorun inkişaf etdirilməsi prioritet olaraq görünürdü. O cümlədən pambıqçılığın da inkişaf etdirilməsi, regionlarda məşğulluğun təmin edilməsi məqsədi daşıyır. Bu gün aqrar sektor məşğulluğun təmin edilməsində aparıcıdır. Çünki rəsmi statistikaya görə məşğul əhalinin 37.8 faizi aqrar sektorda çalışır. Bu kontekstdə təbii ki, dövlət tərəfindən kənd təsərrüfatının dəstəklənməsinə və aqrar sektordakı iş yerlərinin qorunub saxlanmasına ehtiyac var. Ancaq sözsüz ki, əhalinin çox məşğul olduğu sahələrdən biri də inşaat sektorudur. İnşaat sektorunda canlanmanın yaranması məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Bu gün inşaat sektorunda yenidən canlanma yaranarsa, nəticə etibarilə bu, məşğulluğun təminatına müsbət təsir göstərər. Nəticədə işsizlərin sayı da azalar. İnşaat sektorunda nisbətən az ixtisaslı və ixtisassız işçilərin işlə təmin olunması vacibdir. Çünki burada xüsusən ixtisassız işçilərə tələb xeyli dərəcədə yüksəkdir.
Bu kontekstdən də qeyd etdiyimiz sektorda canlanma baş verərsə, məşğulluq və işsizliyin sayı azalar. Ona görə də növbəti il büdcədən inşaat sektoruna ayrılacaq dövlət büdcəsindən vəsaitlərin sayı daha çox olacaq. Çünki inşaat sektorunda özəl sektor və xüsusən də özəl maliyyələşmə 2014-cü ildən sonra xeyli azalıb. Dövlətin sərmayəsi hesabına inşaat sektorunda 2018-ci ildə canlanmanı müşahidə etmişik. Növbəti illərdə də dövlət büdcəsindən bu istiqamətdə vəsaitlərin ayrılması vacib olacaq. 2019-cu ildə də ayrılan vəsaitlərin həcmi çox olacaqsa bu, işsizliyin azalması, məşğulluğun təmin edilməsinə pozitiv təsir göstərəcək. O baxımdan sektorlarda canlanmasının müşahidə edilməsi işsizliyin azaldılması baxımdan çox vacibdir. Növbəti illərdə büdcədən bir başa iş yerlərinin yaradılmasına da vəsaitlərin ayrılmasına ehtiyac var. Belə olarsa işsizlərin sayının azaldılması baş verə bilər”.
Karabakh Today