• Bakı Neft Emalı Zavodunda LPG stansiyasının və bitum qurğusunun sistemə inteqrasiyası 39% tamamlanıb

"Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və rekonstruksiyası çərçivəsində Maye qaz doldurma stansiyası (LPG) və Bitum istehsalı qurğusunun ümumi infrastruktura inteqrasiyası üzrə işlər 39% yekunlaşıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, inteqrasiya ilə bağlı "SOCAR Foster Wheeler"/Tekfen" şirkətləri tərəfindən detallı layihələndirmə işləri 98% yerinə yetirilib: "İşlər bu ilin sentyabr ayında yekunlaşacaq".

Qeyd edək ki, NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

III mərhələdə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Reaksiya.az