AMEA: Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması Azərbaycanı dünyada daha da tanıdacaq
“UNESKO-nun Dünya İrs Siyahısı beynəlxalq irsin siyahısıdır. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğun və Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycanı dünyada daha da tanıdacaq”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva deyib.
Onun sözlərinə görə, siyahıya daxil olan abidələr təkcə aid olduqları ölkənin deyil, həm də bütövlükdə dünyanın irsi sayılır: “Ona görə də bura daxil olan abidələr dünya tərəfindən qorunmalıdır. Azərbaycan üçün bunun müsbət tərəfi odur ki, ölkəmizdəki abidə dünya tərəfindən qorunacaq. Hazırda Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi ilə yanaşı, “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” da Dünya İrs Siyahısında yer alır. Əvvəllər Azıx mağarası da bu siyahıya salınmışdı, amma sonradan mağara bu siyahıdan çıxarılıb. Çünki ermənilər də Azıx mağarasına sahiblik iddiasını irəli sürürlər. Ona görə də bu abidənin taleyi sual altında qalıb. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğunun və Şəki Xan Sarayının siyahıya alınması UNESKO-nun nəzarəti altında qorunacaq. Bununla yanaşı ölkəmiz, abidələrimiz və millətimiz dünyada tanınacaq. Bununla da bizim tariximiz bütün dünyada yayılacaq”.
R.Əliyeva qeyd edib ki, Şəki Xan Sarayında fundamental restavrasiya işlərinin aparılmasına ehtiyac yoxdur: "Amma buna baxmayaraq, abidələrdə bir neçə ildən bir təmir-bərpa işləri həyata keçirilməlidir və biz bu işləri həyata keçiririk".
O bildirib ki, tarixi abidələrdə xarici amillərin təsiri nəticəsində təmir işlərinə ehtiyac yaranır: “Abidələr üzərində xarici amillərin təsirləri qaçılmazdır. Ona görə də abidələr daim nəzarət altında olmalıdır. Yəni abidəyə zərər dəyməsini gözləməməliyik”.
Şöbə müdiri vurğulayıb ki, müraciət olunduğu təqdirdə AMEA tərəfindən Şəki Xan Sarayına baxış keçirəcək: “Sarayda UNESKO-nun təşəbbüsü ilə bərpa işlər aparıla bilər. Mütəxəssislər Şəki xan Sarayına baxış keçirdikdən sonra orada təmir-bərpa işlərinin hansı səviyyədə ehtiyac olacağını müəyyənləşdirəcəklər. Əgər ehtiyac olarsa, bu işlər mütləq həyata keçiriləcək. Əgər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutuna müraciət olunarsa, bizim əməkdaşlarımız Şəki Xan Sarayına baxış keçirəcəklər”. (Report)
Karabakh Today