• Qanlı Daşbaşı qətliamından 30 il keçir - FOTOLAR

Ermənistan tərəfindən işğal olunmuş yeddi rayondan biri olan Cəbrayıl keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə sərhəd bölgədə yerləşməklə Ermənistan-Azərbaycan müharibəsinin lap əvvəlindən hərbi əməliyyatların mərkəzində olmaqla bir çox qanlı hadisələrin şahidi olmuşdur.

Hələ Ermənistan-Azərbaycan qüvvələri arasında aktiv döyüşlər başlanmazdan əvvəl Cəbrayıl şəhəri “Qrad” və başqa artilleriya qurğularından atəşə məruz qalırdı. Şəhərin və ermənilərin yaşadığı kəndlərimizlə həmsərhəd olan kəndlərdən belə aramsız artilleriya atəşinə tutulması ta işğal gününədək – 1993-cü il avqustun 23-dək davam etmişdir. Həmin tarixədək olan müddətdə cəbrayıllılar müharibə dövrünün ən ağır məşəqqətlərini çəkmişdilər.

Aktiv döyüş əməliyyatlarınadək Cəbrayıl şəhərində və erməni kəndlərilə həmsərhəd olan yaşayış məntəqələrimizdə erməni tərəfinin artilleriya atəşlərindən neçə dinc sakin həlak olmuş, evlər və ictimai binalar dağıdılmış və yandırılmışdı.

Birinci Qarabağ müharibəsi zamanı rayon üzrə 351 çəhidimiz olmuşdur ki, bunların əksər çoxluğunu hərbiçilər, 14 nəfərini polis əməkdaşları, 60 nəfərini isə dinc insanlar təşkil edirdi.

Şəhidlərimiz arasında həmçinin erməni silahlılarının Daşbası postunda törətdiyi qətliam nəticəsində şəhid olmuş 23 Azərbaycan hərbi qulluqçusu da var idi.

Haqqında danışdığımız post ön mövqelərdə olan döyüşçülərimizə dəstək və hava hücumlarından mühafizə məqsədi ilə yaradılmışdı. Bu postun döyüşçüləri ön mövqe dəstələri tərəfindən verilmiş koordinatlar əsasında düşmən mövqelərinə zərbə endirməli və uçan obyektləri vurmalıydılar.

Daşbaşı postunun “Armudlu” adlanan sol tərəfində artilleriyaçılar, “Qəbiristanlıq” adlanan sağ tərəfində isə zenitçilər yerləşmişdilər. Bu post Cəbrayılın müdafiəsi üçün mühüm əhəmiyyət daşıyırdı və bunu ermənilər də yaxşı bilirdilər. Məhz buna görə də onlar bu postun məhv edilməsi üçün xüsusi əməliyyat hazırlamışdılar.

1993-cü il avqustun 14-dən 15-nə keçən gecə təxminən saat 4 radələrində ermənilər kifayət qədər böyük qüvvə ilə hücum edərək postu ələ keçirdilər və burada əsl qətliam törətdilər. 23 nəfər hərbiçilərimizin hamısı vəhşicəsinə qətlə yetirilmiş, onların cəsədlərini isə tanınmaz hala salınmışdılar. Bax bunlardır öz torpaqları uğrunda döyüşdə şəhid olmuşlar: Müslüm İsmayılov, Fərhad Fərhadov, Cəbrayıl Sevdimalıyev, Arif Fərhadov, Bayram Fərhadov, Ramiz Ağayev, Etibar Əliyev, Murad Cəfərov, Zahid Abdullayev, Teymur Eyvazov, Elman Yusifov, Süleyman Əmirxanov, Hafiz Fətəliyev, Mətləb Rəhimov, Rüfət Məmmədov, Vahab Kazımov, Rövşən Şamilov, Aydın Quliyev, Faiq Məmmədov, Qərib Mirimov, Yusif Hüseynov, Həsən Hüseynov, Rəfail Gülməmmədov (Şəmkir rayonundandır).

Cəmi səkkiz gün sonra – 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu erməni-rus hərbi qüvvələri tərəfindən ələ keçirilmişdir.

Daşbaşı qətliamından 27 il sonra – 2020-ci il oktyabrın 20-də müzəffər Azərbaycan ordusu eyniadlı kəndi erməni işğalından azad etmiş və bununla da orada qətlə yetirilmiş şəhidlərimizin qanını almışlar.

Qədir Nəsirov

 

1


Müəllif Qədir Nəsirov


Mənbə Karabakh.Today