“Ancaq bir yol var: 7 rayon Azərbaycana qaytarılır, Dağlıq Qarabağa xüsusi status verilir...” - "Kommersant"ın şərhçisi
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sabah sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər.
Bu görüş Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd və qızışdırıcı bəyanatlarla çıxış etdiyi, nəticədə rəsmi Bakının səbrini daşırdığı bir vaxtda baş tutur.
Virtualaz.org xəbər verir ki, “Kommersant” qəzetinin şərhçisi Maksim Yusin bu görüşü və tərəlflərin hansı şərtlərlə Qarabağ dalanından çıxa biləcəklərini şərh edib.
Şərhçiyə görə hazırda ilk baxışdan belə görünür ki, Qarabağ məsələsinin həlli üçün dialoq aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistanın yeni rəhbərliyini Qarabağ məsələsi az maraqlandırır, Nikol Paşinyanın başı hakimiyyətini möhkəmləndirməyə qarışıb. Onun əsas vəzifəsi ölkə daxilindəki opponentlərini sıradan çıxarmaq, onların revanşına imkan verməmək, parlament seçkiləri keçirmək və öz tərəfdarlarının qələbəsini təmin etməkdir.
“Deməli Qarabağ məsələsinin Paşinyana hələlik dəxli yoxdur. Bu problem həddən artıq ağrılıdır, həssasdır, seçkilər ərəfəsində isə olduqca təhlükəlidir. Çünki istənilən nizamlama planı kompromisləri nəzərdə tutur, siyasi rəqiblər isə dərhal bundan istifadə edərdilər. Onlar kompromisləri yoverilməz güzəştlər, kapitulyasiya, milli maraqların satılması kimi qiymətləndirəcəklər”-şərhçi deyir.
Maksim Yusinə görə şans ancaq seçkilərdən sonra yarana bilər. Əgər Paşinyan öz planlarını reallaşdıra bilsə o zaman ictimaiyyətə populyar olmayan, amma həyati vacib kompromislərin zəruriliyini çatdıra bilər.
“Ona görə ki, uzunmüddətli perspektivdə Qarabağ problemini hər halda həll etmək lazımdır, bu isə ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki vaxt onun əleyhinə işləyir. İqtisadi planda Azərbaycan güclənir, ambisioz beynəlxalq nəqliyyat və energetika layihələrində iştirak edir, öz ordusu üçün müasir silahlar alır. Ermənistan isə yarımblokada şəraitində yaşayır, nefti, qazı yoxdur, iqtisadi və hərbi planda getdikcə daha çox geriləyir”-rusiyalı şərhçi bildirir.
Maksim Yusinə görə belə davam etsə nə vaxtsa Azərbaycan hakimiyyəti öz ordusunun texnoloji üstünlüyündən istifadə edib Qarabağ məsələsini güc yolu ilə həll etmək fikrinə düşə bilər. Müsair, təmassız müharibədə isə ermənilərin 25 il əvvəl nümayiş etdirdikləri yüksək döyüş keyfiyyəti və mənəvi ruh faydasız ola bilər.
“Kommersant”ın şərhçisi deyir: “Bu situasiyada Yerevan üçün yeganə xilas yolu KTMT üzrə müttəfiqi Rusiyanın mövqeyidir. Lakin əgər Moskva Azərbaycan hakimiyyətini hərbi ssenaridən imtina etməyə inandıra bilsə belə iqtisadi, geosiyasi planda Ermnistan istənilən halda dalanda qalacaq. Bu dalandan çıxış yolunu axtarmaq lazımdır”.
Şərhçinin fikrincə vəziyyətdən çıxış yolu kənar müşahidəçilər üçün mövcuddur: ermənilər Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarır, Bakı isə öz növbəsində bu separatçı vilayətin xüsusi statusunu tanıyır, bununla razılaşır ki, regionun erməni əhalisi Azərbaycanın idarəetməsi altına qayıtmayacaq.
“Bu hüquqi baxımdan necə rəsmiləşdiriləcək, Qarabağın xüsusi statusu necə olacaq onu Ermənistanla hansı dəhliz birləşdirəcək, hansı beynəlxalq sülhməramlı qüvvələr əldə edilmiş razılaşmanın həyata keçirilməsini təmin edəcək-bütün bunlar ayrıca danışıqların predmetidir. Belə danışıqları zamanla kimsə aparmalı olacaq, Paşinyan da olmasa onun varislərindən kimsə. Bakı hakimiyyəti üçün isə hesab edirəm ki, nə vaxtda Qarabağın qeyd-şərtsiz Azərbaycanın tərkibinə qayıtmalı olduğu barədə indiki dönməz mövqeyindən güzəştə getmək lazım gələcək. Çünki buna heç bir erməni rəhbəri, nə Paşinyan, nə başqaları kamikadzelik edib razı olmazdı”-Maksim Yusin deyir.
Şərhçi vurğulayır ki, kompromislər ancaq ikitərəfli olmalıdır. Və Bakı ilə Yerevanın bunu dərk edəcəkləri zamanı gözləmək qalır...
Karabakh Today