İran-İsrail savaşı başladı: Son İran əsgəri məhv edilənədək...
Sözün əsil mənasında Suriyada İran-İsrail müharibəsi artıq başlayıb.
Bu sözləri İran-İsrail qarşıdurması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ-ın nüvə sazişindən çıxmasını bəyan etməsi əslində İranla müharibənin başlanğıcına bir işarə idi:
“İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın ciddi səhv etdiyini və bunun cavabının veriləcəyini bildirdi. Cavab da məhz İran generalı Qasım Süleymaninin başçılığı ilə Qüds briqadasından İsrailin işğalı altındakı tarixi Suriya torpaqları olan Qolan təpələrinə endirilən raket zərbələri idi. Bu fonda sözün əsil mənasında Suriyada İran-İsrail müharibəsinin başladığını söyləyə bilərik. Fikir verin, Netanyahu Moskvaya getməzdən öncə İranla müharibəyə tam hazır olduqlarını elan etmişdi. Əlbəttə ki, bu açıqlamanın təkcə İsrailin hərbi potensialına güvənilərək verildiyni zənn etmirəm. Burada ABŞ-ın hansısa təlqinləri də öz rolunu oynayıb”.
Politoloq İsrail-İran müharibəsinin hələ ki, Suriya torpaqlarında aparılacağını deyib:
“İsrail dəfələrlə bəyan edib ki, İranın ona yaxın ərazilərdə olmasına, Aralıq dənizinə çıxışına imkan verməyəcək. İran tərəfi isə bu ərazilərdə “şiə halqasını” formalaşdırmağa can atır. Yəni hər iki tərəfdən kifayət qədər təhdidedici fikirlər səsləndirilir. Ümumiyyətlə, regionda çox çıxılmaz bir durum yaranıb”.
Politoloq hazırda İranın daha çox risk altında olduğu qənaətindədir:
“Çünki İran həm də ABŞ-ın qəzəbinə gəlmiş bir ölkədir. Tramp da açıq şəkildə bildirir ki, Tehranın bəzi hərəkətləri ciddi təhlil edildikdən sonra İrana zərbə endirilə bilər. Söhbət nüvə tədqiqatlarının davam etdirilib-etdirilməməsindən gedir. Bu baş verərsə, onda ABŞ da İranı bombalayacaq. Bir sözlə, regionda çox təhlükəli şərait yetişib. Üstəlik, İsrail sonuncu İran əsgəri və texnikası məhv edilənədək müharibəni davam etdirəcəyini bildirib. İsrail İranı Suriyadan birdəfəlik vurub çıxarana qədər geri çəkilməyəcək. Təbii ki, bu fonda İran da İsrailə qarşı “Şahab”larını işə salacaq. Müharibənin ilk mərhələsi artıq başa çatsa da, ikinci mərhələ daha təhlükəli olacaq. İsrailin üstünlük qazandığı göz önündədir, ancaq İranın buna sərt cavab verəcəyini də nəzərdən qaçırmamaq lazımdır”.
Qeyd edək ki, İranın Qüds briqadası bu gecə Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endirib. Hücuma məşhur İran generalı Qasım Süleymani rəhbərlik edib.
İsrail isə Suriyada İranın 35 hərbi obyektinə cavab zərbəsi endirib.(axar)
Karabakh Today