• Türkiyə ordusunun ildırımsürətli əməliyyat planı açıqlandı

Türkiyə Silahlı Qüvvələri Amerikanın Suriyada dəstəklədiyi PYD terrorçularına qarşı hərbi əməliyyat planı hazırlayıb. 

Plana əsasən, PYD-nin nəzarətində olan Afrin bölgəsinə "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, əvvəlcə Azad Suriya Ordusunun (ASO) döyüşçüləri girəcək. Həmin ərəfədə Türkiyə ordusu da Afrinə top atışları ilə ASO-ya geniş sahələr yaradacaq.

Əməliyyatın ikinci mərhələsində Türkiyə Silahlı Qüvvələri həm havadan, həm də qurudan PYD terrorçularının nəzarətindəki bölgələrə daxil olacaq. Ən əsas hədəf isə terrorçuların havadan dəstək aldığı Minnak Hava Limanını ələ keçirməkdir.

Türkiyə mətbuatı ağır zirehli texnika və canlı qüvvələrin Suriya ilə sərhəddə yerləşdirildiyi xəbərini yayıb. Hərbi əməliyyatın hər an başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı iləmi meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

 

Karabakh Today