• "Putin Əliyevə çox mühüm təklif edib" - Cənubi Qafqazada dəngələr dəyişir

"Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır"

Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edəcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirildiyi günlərdə baş tutacaq və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.

Rusiyalı jurnalist Andrey Şapoşnikov "Moskva-Baku.ru" portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: "Azərbaycan regionda Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirir. Bunlar arasında Şimal-Cənub nəqliyyat dəhlizi də var".

"İndi isə iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biri Xəzər dənizidir. Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini də bu ölkəyə aparır. Azərbaycanda artıq Rusiyanın "KamAZ", "QAZ", "LUKoil" və başqa nəhəng şirkətlər fəaliyyət göstərir" — deyə jurnalist diqqətə çatdırır

Onun sözlərinə görə, son illər Azərbaycan Rusiya silahlarını almaqla ölkənin vacib hərbi tərəfdaşına çevrilib: "Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş "ADEX-2018" sərgisi keçiriləcək. Bu sərgidə də Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək."

A.Şapoşnikov qeyd edir ki, Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ola bilər: "Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki, həmin görüşdə bu mövzu da müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, lakin digər gözü ilə Qərbə yönəlib".

"Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır. Soçidə Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Ekspertlərin əksəriyyətinin fikrincə, Putin həmin görüşdə Əliyevə önəmli təklif edib. Bundan sonra Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara mümkün üzvlüyü barədə şayiələr yayıldı" — jurnalist vurğulayır.(sputnik)

Karabakh Today