• MƏNTİQLİ XARİCİ SİYASƏT BƏHRƏSİNİ VERİB

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan bir çox uğurlara imza atıb. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəldib və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşub. Xüsusən, xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür.
 
Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə əsl söz sahibinə çevirib. Şübhə yoxdur ki, xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. 
 
Məhz dövlət başçısının düşünülmüş xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib, imici xeyli yüksəlib. Beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi qloballaşan dünyada xarici siyasətdə müəyyən düzəlişlər etməyi vacib sayan dövlət başçısı yürüdülən siyasəti müasir dövrün tələblərinə uyğunlaşdırıb. 
 
Dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliği üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda: "Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil. Sərhədlərimiz boyu təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.
 
Regionumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var. Hesab edirəm ki, coğrafi baxımdan qonşularından kiçik olan bir ölkə üçün düzgün balansı tapmaq çox vacibdir”. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanıb. Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet istiqamətləridir.
 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza göstərilən yüksək etimadın və inamın göstəricisidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkə idi.
 
Beynəlxalq arenada güclənən, söz sahibinə çevrilən Azərbaycan sadəcə regionda deyil, müsəlman-türk dünyasında da ciddi fiqurlardan birinə çevrilir. Türk cümhuriyyətlərinin toplantısında, müsəlman dövlətlərinin iclaslarında Azərbaycana xüsusi yer verilir. Məhz bu baxımdan cənab Prezident bir çox beynəlxalq konfranslarda türk dünyası adından, qardaş Türkiyə adından çıxış edə bilir, digər xalqları da müdafiə edir. 
 
"Türkiyə və Azərbaycan bütün məsələlərdə biri-birini dəstəkləyir”, "Türkiyə yoxdursa, Azərbaycan burdadır” deyən dövlət başçımız bütün beynəlxalq tədbir və platformalarda Türkiyənin maraqlarını müdafiə edir. Məhz buna görə də İlham Əliyev Türkiyə ilə rəsmi münasibətlərin fövqündə duran səmimi bir lider kimi türk ictimaiyyəti tərəfindən böyük rəğbətlə sevilir.
 
Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edirlər. Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərimizin geri qaytarılması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran müstəsna əhəmiyyətli məsələlərdir. Hər dəfə bu sahədə diplomatik səylərin davam etdirildiyini, səfirliklərin bu istiqamətdə fəaliyyətinin məqsədyönlü olduğunu vurğulayan Prezident bildirib ki, bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə güclüdür: "Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, gələcəkdə təcridetmə siyasətimizi davam etdirəcəyik”. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınıb. Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanıb. 
 
Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənib. 2010-cu ilin noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib. Münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilib. Bir sıra nüfuzlu dövlətlər Xocalı soyqırımını tanıyıblar.
 
2017-ci ildə Prezidentin xarici ölkələrə 15-dən çox səfəri baş tutub. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olub, respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılıb. Ölkə başçısının rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdəki çıxışları Azərbaycanın dövlət siyasətini əks etdirir. Bununla yanaşı, həmin səfərlər Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ölkəmizə bu il ondan çox dövlət və hökumət başçısı gəlib. Həm beynəlxalq tədbirlər, həm də rəsmi səfərlər zamanı respublikamıza gəlmiş nümayəndə heyətləri inkişafımızın, əhalinin qonaqpərvərliyinin canlı şahidi olublar.(sherg)
 
Karabakh Today